Sumqayıtda hansı təşkilatlar ictimaiyyətlə əlaqələrə önəm verir?

1275

Bu gün ictimaiyyətlə əlaqələr sahəsi müstəqil bir fəaliyyət istiqaməti kimi inkişaf edir. Sahəni ingilis dilindəki “PR”, yəni “Public relation” termini ilə adlandırırlar.

Qərbdə bir əsrə qədər yaşı olan  PR ölkəmizdə son 10-15 ildə tanınmağa, son 5 ildə isə xüsusilə populyarlaşaraq, əhəmiyyətli sahə kimi qiymətləndirilməyə başlanılıb. İndi ölkədə demək olar ki, bütün dövlət qurumlarında və şirkətlərdə PR şöbəsi və PR mütəxəssislər fəaliyyət göstərir. İctimaiyyətin görülmüş işlərlə bağlı məlumatlandırılması, ictimaiyyətlə dialoqun inkişaf etdirilməsi, ardıcıllığının təmin olunması getdikcə strateji xarakter daşıyır. Səbəbsiz deyil: çünki bu, şirkətin reputasiyasını, ictimai fikirdəki nüfuzunu müəyyən edir.

Bəs maraqlıdır, Sumqayıtda hansı qurumlar öz fəaliyyəti barədə ictimaiyyəti  məlumatdırmaqda maraqlıdır və bu istiqamətdə aktiv fəaliyyət göstərir?

Başlayaq, şəhər icra hakimiyyətindən. İnsafən, qurum bu mənada nümunəvi fəaliyyəti ilə seçilir. Keçirilən bütün tədbirlər, layihələr, nəzərdə tutulan işlər barədə mütəmadi olaraq məlumatlar yayımlanır. İcra hakimiyyəti bu mənada xüsusilə KİV-dən istifadə edir, ayrı-ayrı saytlar və qəzetlər vasitəsilə məlumatları ictimailəşdirir. Təqdirəlayiq haldır ki, Şəhər İcra Hakimiyyəti bu zaman medianın informasiya sorğularını gözləmir, özü ünsiyyətə can atır, ictimaiyyətə xitab etməyə, məlumatlandırmağa çalışır. Qurum öz saytını da daimi olaraq yeniləyir.

Sumqayıt Bələdiyyəsi də media və ictimaiyyətlə əlaqələrə önəm verir. Qurumun saytı  operativ olaraq yenilənir, keçirilən tədbirlər barədə məlumatlar KİV-də yerləşdirilir.

İctimaiyyətlə əlaqələrə xüsusi önəm verən qurumlar arasında Sumqayıt  Regional Mədəniyyət İdarəsini də fərqləndirmək olar. İdarənin saytı var və yenilənir. Qurumun bu sahəyə verdiyi əhəmiyyətin ifadəsidir ki, burada mətbuat katibi ştatı ayırıb.

Sumqayıt şəhər Polis İdarəsi də Daxili İşlər Nazirliyinin mətbuat xidməti vasitəsilə media ilə çox sıx işləyir. Eyni zamanda, yerli quruma verilən informasiya sorğularına da operativ reaksiya verir. Eyni sözləri Səhiyyə Şöbəsi barədə də demək olar.

Sumqayıt Gənclər və İdman Baş İdarəsi də press-relizlərinin mediada yayımlanmasına maraq göstərir.

Eyni iş üslubunun Sumqayıt Qaz, İşıq, Su idarələri tərəfindən də sərgilənməsi, təbii ki, məqsədə uyğun olardı. Söz yox ki, bu qurumlar da sorğuları cavabsız qoymurlar, ancaq onların da ictimaiyyəti məlumatlandırmaq üçün öz elanlarını, məlumatlarını mediaya təqdim etməyə maraq göstərməsi arzuolunandır. Sumqayıt İstilik İdarəsinin də KİV-lə soyuq münasibətlərinə bir az istilik qatması yaxşı olardı.

Və nəhayət, mühüm bir qeyd – PR yalnız informasiyaların saytlara, qəzetlərə göndərilməsi demək deyil. Onun texnologiyaları, alətləri var. Hər bir qurum ictimai fikirdəki reputasiyasını yüksəltmək üçün müxtəlif məzmunlu tədbirlər təşkil etməli, şəhər sakinləri ilə təmaslarını sıxlaşdırmalı və bütün bunların aparıcı informasiya kanalları ilə ictimailəşdirilməsi olduqca vacibdir. Dövrün aparıcı informasiya kanalları sırasında isə birinin dominantlığı artmaqdadır: sosial şəbəkələr!

Deməli, Facebook və İnstagrama gəlmək vaxtıdır. Bu platformaların digər media vasitələri ilə müqayisədə fərqi odur ki, burada vətəndaş qurumla, məmurla birbaşa virtual təmasa girib istədiyi cavabı ala bilir.

Sonda xatırladaq ki, dövlət başçısının şəxsi və Prezident Administrasiyasının rəsmi Facebook səhifələri fəaliyyət göstərir.

Vüsal Məmmədov, “168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər