Sumqayıtda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib FOTO

2264

Fevralın 20-də Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində konfrans keçirilib.

sumqayitxeber.com xəbər verir ki,  konfrans iştirakçıları əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tarixə nəzər salaraq qeyd edib ki, müstəqil və qalib Azərbaycanın məğrur vətəndaşları, ümummilli lider, fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirlər. Çünki müasir və qüdrətli Azərbaycan reallığı Ulu Öndərin ideyalarının təntənəsi, Heydər Əliyev siyasətinin nəticəsidir. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sırasında bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması dayanır: “Məhz bu gün də yaradılmasının 30 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı yüksək nüfuza malikdir. Ulu öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçıları olan partiyanın hər bir üzvü günbəgün möhkəmlənən, qüdrətini artıran, davamlı uğurlara imza atan Azərbaycanın yeni hədəflərə çatmasına öz töhfələrini vermək üçün birlik, həmrəylik nümayiş etdirir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Xüsusilə də, müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilib, bütün sahələrdə köklü islahatlar aparılıb, ölkəmizin beynəlxalq əlaqələri inkişaf etdirilib, dünyada mövqeyi möhkəmlənib. Ona görə də dövlətçilik tariximizin Heydər Əliyev dönəmi Azərbaycan xalqının və tarixin yaddaşında sabitlik, rifah, yüksəliş, intibah anlayışları ilə assosiasiya olunur. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Heydər Əliyev ideyaları yaşayır, onun siyasəti layiqli varisi və alternativsiz siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova söyləyib ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderimizin görmək istədiyi kimi qüdrətlidir, öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir və üçrəngli bayrağımız ən yüksək zirvələrdə qürurla, əzəmətlə dalğalanır. Heydər Əliyev siyasəti yaşayır, onun əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi Azərbaycan xalqını firavan və parlaq gələcəyə aparır!

Milli Məclisin deputatı Emin Hacıyev çıxış edərək vurğulayıb ki, Heydər Əliyev əsasını qoyduğu müdrik siyasət uğurla davam etdirilir, möhtəşəm nailiyyətlərlə müşayiət olunur. Dahi Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev onun bütün arzularını yerinə yetirib: “Ulu Öndərin ən böyük arzusu Qarabağın azad edilməsi idi. İndi onun varisi, Ali Baş Komandan İlham Əliyevin əzəməti və qətiyyəti sayəsində Qarabağ azad nəfəs alır. Azərbaycan xalqı hər zaman dahi Heydər Əliyevi sonsuz ehtiram və məhəbbətlə yad edəcək”.

“Qarabağ” ordenli, Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Şəhriyar Quliyevin həyat yoldaşı Pərvin Quliyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətləri müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra müharibə əlillərinin, şəhid ailələrinin, qazilərimizin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görüldüyünü və bu prosesin davam etdirildiyini vurğulayan Pərvin Quliyeva onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Sonda çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktor müavini Maisə İsmayılova Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini tarixi hadisə adlandıraraq, bunun dahi şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha yaxından öyrənilməsi üçün böyük fürsət olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Bir qrup partiya fəalı YAP Sumqayıt şəhər təşkilatı tərəfindən fəxri fərmanlarla təltif edilib.

 


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər