Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Sumqayıt şəhər sakinləri Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Prokuror R.İsmayılovun 20 il, Ə.İsmayılovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.
Hadisə 2018-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Ərazidə bir qrup gənc arasında kütləvi dava olub.
Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər – 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda), qəsdən adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə ittiham verilib.
Qətlə yetirilən Rasif Həbibov idmançı olub.