Sumqayıt Tibb Mərkəzində Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinə həsr olunan elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş nitqi ilə açan Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova bildirdi ki, 11 aprel 2018-ci il xalqın öz Prezidentinə və iqtidarına inamını bir daha rəsmi şəkildə müəyyənləşdirdiyi tarixidir: “Məlum olduğu kimi bu tarixdə xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisə baş verdi. Ölkəmizdə Prezident seçkiləri keçirildi və növbəti dəfə xalqımız dövlətimizin başçısı İlham Əliyevə yüksək etimad nümayiş etdirdi. Xalqımız öz layiqli seçimini edərək sabitliyin, dinamik inkişafın, uğurlu daxili və xarici siyasətin dəstəkləndiyini bir daha təsdiqlədi və Prezident İlham Əliyevin seçkidə inamlı qələbə qazanmasını təmin etdi. Azərbaycan xalqı bu dəfə də doğru və müdrik seçim etmiş, səsini Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolu layiqli davam etdirən Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə verib”.
Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bütün sahələrdə nailiyyətlər əldə edildiyini bildirən Səkinə Sadıxova qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi qələbədə həlledici amil ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir.
Direktor çıxışında səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan da danışıb. O, əhaliyə göstərilən tibb xidmətinin yaxşılaşdırılması istiqamətində ölkədə mütərəqqi addımlardan biri olan İcbari Tibbi Sığortanın tətbiq edildiyini konfrans iştirakçılarının nəzərinə çatdırdı.
Sumqayıt Perinatal Mərkəzin baş həkimi Təranə Rəcəbli isə çıxışında sosial, iqtisadi, mədəni təhsil və səhiyyə sahələrində güclü inkişafın və tərəqqinin olduğundan bəhs etdi.
T.Rəcəbli bildirdi ki, yürüdülən düzgün siyasət, səhiyyəyə ayrılan diqqət tibb işçilərinin sosial rifahının son illərdə yüksək səviyyəyə çatdırıb.
O, son 2 il yarımda qlobal pandemiyanın bütün inkişaf etmiş ölkələrin səhiyyə sistemlərini çökdürdüyü halda, Azərbaycanın bu pandemiyadan az itkilərlə çıxdığını vurğuladı.
Sonra çıxış edən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Maisə İsmayılova Sumqayıt şəhərinin inkişafının Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirdi. M. İsmayılova İlham Əliyevin Prezidentliyi dövründə Sumqayıt şəhərinə 30 səfər etdiyini və bu səfərlərin də hər birinin Sumqayıt şəhəri üçün əlamətdar hadisələrlə yadda qaldığını diqqətə çatdırıb.