Sumqayıtda keçirilmiş beynəlxalq cüdo turniri böyük marağa səbəb olub – FOTOLAR (VİDEO)

582

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 02-03 dekabr 2016-cı il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə yeniyetmə oğlan və qızlar arasında V açıq Respublika turniri keçirilib.

Yarışın açılış mərasimində çıxış edən Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Teymur Səmədov Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etdi.

T.Səmədov çıxışını davam edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Sarayları və Olimpiya Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar, cari ildə I Avropa Oyunlarının, Formula-1 yarışlarının, Ümumdünya Şahmat Olimpiyadasının Bakı şəhərində təşkil edilməsi, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsini bildirmişdir.

Natiq Ölkə başçısının həyata keçirdiyi sosial yönümlü, iqtisadi əhəmiyyətli tədbirlər nəticəsində respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunması, Ümummilli liderimizin adına layiq, əzəməti ilə insanı valeh edən möhtəşəm Heydər Əliyev Mərkəzi, memarlıq inciləri olan Şahmat və Uşaq İncəsənət məktəbləri, son dövrün möcüzəsi olan füsünkar Sumqayıt Bulvarının tikilərək sakinlərin istifadəsinə verilməsi haqqında geniş məlumat vermiş, turniri açıq elan etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.

Tədbirin bədii hissəsində gənc müğənni Fəhmin Əhmədli və Kənan Qədimovun ifasında mahnılar səsləndirilmiş, Elnur Kərimovun rəhbərliyi altında aikidoçular nümunəvi nömrələrlə çıxış etmişdir.

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə V açıq Respublika turnirində Sumqayıt idmançıları ilə yanaşı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şirvan, Qusar, Quba, Yevlax, Xaçmaz, Şamaxı, Şabran, Siyəzən, Bərdə, Xızı, Qax, Qubadlı, Laçın, Ağcabədi, Abşeron, Qəbələ şəhər və rayon komandalarının, həmçinin Rusiya Federasiyasının Nalçiq və Dərbənd şəhərinin komandalarının 350-ə yaxın idmançısı qalib adı uğrunda mübarizə aparmışdır.

Yarışı Azərbaycan Cüdo Federasiyası tərəfindən təyin edilmiş hakimlər heyyəti idarə etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər