Sumqayıtda şəhidlərimizin xatirəsi yad olunur

1070

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 4-cü mikrorayonda yerləşən Vətən müharibəsi qəhrəmanı şəhid Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbdə olub.

Şəhər rəhbəri şəhidimizin büstü önünə tər gül dəstələri düzüb. Zakir Fərəcov 44 günlük vətən müharibəsində ordumuzun göstərdiyi şücaətdən danışıb. Qeyd olunub ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz əks-hücum əməliyyatında düşmənə sarsıdıcı zərbə vurdu,onu təslim olmağa məcbur etdi. 30 ilə yaxın bir dövrdə erməni vandallarının tapdağı altında olan torpaqlarımız düşmən tapdağından azad olundu.

Daha sonra Vətən müharibəsi qəhrəmanı Şəhid Adil İbrahimli adına muzeyə baxış keçirilib. Qeyd olunub ki, Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib. 2008-ci ildə isə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. O, 2015-ci ildə Hərbi məktəbini bitirərək Leytenant rütbəsini alıb. Sonra Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan ordusunda xidmətə başlayıb. 2017-ci ildə XTQ-ə qəbul olan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib. 44 günlük vətən müharibəsində O, Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. Son tapşırığı Şuşada olub və elə orada da böyük şücaət göstərib, yaralı olsa da qəhrəmancasına vuruşub. Noyabrın 7-də Adil İbrahimli şəhidlik zirvəsinə yüksəlib.

Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər