Sumqayıtda yaşayan Xocalı sakini: “Uşağı tutduğum sol əlimi…”

723

Ermənilərin etnik təmizləmə məqsədilə amansızlıqla həyata keçirdikləri Xocalı qətliamından 30 il keçsə də, faciəni öz gözləri ilə görən, insanlığa qarşı ağlasığmaz dəhşətləri ürək ağrısı ilə xatırlayan soydaşlarımız indi də o günlərdən danışanda həyəcanlanmaya bilmirlər. 1992-ci il fevralın ikinci yarısından başlayaraq, erməni hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülmüş Xocalı şəhəri həmin ayın 26-da, bir gecədə yer üzündən silinmiş, sakinləri öldürülmüş, sağ qalanlar isə olmazın işgəncələrə məruz qoyulmuşdur. Aldığımız müsahibələrdə Xocalı faciəsinin müdhiş səhnələri bir daha göz önündə canlanır və onu törədənlərin haqq divanına çəkiləcəklərinə inam ifadə olunur.

Aydın Əliyev, Xocalı sakini:

– Dünya ona görə ədalətsiz dünyadır ki, hələ də Xocalı faciəsini törədənlər layiqli cəzalarını almayıblar. Şəhərin məhvi, yüzlərlə dinc sakinin qətli, sağ qalanların iztirabları, izsiz ötüşməyən ağrı-acıları məlum cinayətkarların yuxularını qarışdırmırmı, onların havadarlarının vicdanını incitmirmi?

Mənim 84 yaşım var, əslən Dərələyəzdənəm. 1959-cu ildə atam ailəmizi ermənilərin ayrı-seçkilik siyasəti səbəbindən oradan çıxarmış, Qarabağa, Xocalıya gətirmişdi. İşə baxın ki, burada da nankor qon­şularımızdan zülm, işgəncə görəsi olduq. İndi 30 ildir ki, məcburi köçkün taleyi yaşayırıq.

Soyuq fevral günlərində ermənilər və 366-cı sovet motoatıcı alayının hərbçiləri Xocalını hər tərəfdən mühasirəyə almışdılar. Vəziyyətin son dərəcə kritik olduğunu görərək, fevralın 25-də gecə ikən biz – yüzlərlə sakin Xocalını tərk etmək istədik. Əvvəl üzü Əsgərana tərəf yola düşdük. O səmtdə güclü atışma olduğuna görə Gülablı yoluna tərəf döndük. Altmış santimetr qalınlığında olan qarda, şaxtada, ac-susuz üç gün, min zillətlə canımızı qurtarmağa çalışdıq. Top, güllə səsləri aləmi başına götürmüşdü, göydən sanki od yağırdı. Dörd yaşlı oğlumu mən, iki yaşlı qızımı isə anası belinə şəlləmişdi. Elə o zaman uşağı tutduğum sol əlimi don vurdu, indi də əməlli-başlı işləmir. Gü­lablıya az qalmış mühasirəyə düşdük. Atışmada bizim dəstədən dörd nəfər həlak oldu, qarşı tərəfdənsə iki nəfər cəhənnəmə vasil oldu. Amma qeyri-bərabər döyüşdə bizi – 130 nəfərə qədər Xocalı sakinini ermənilər girov götürdülər. Girovlar 3 aylıq körpədən 80 yaşınadək olan qocalar idi. Bizi Gülab­lının 2 kilometrliyində olan Əsgəranın Dəhraz kəndindəki uzunsov mal pəyəsinə doldurdular. Ora ermənilər yaşayan kənd idi. Bir neçə saat sonra azğın silahlılar gələrək, 15 nəfər igid, cüssəli cavanı seçib apardılar ki, ölən ermənilərin əvəzinə güllələsinlər. Əlimizdən heç nə gəlmirdi. Bir neçə gün sonra oradan canımızı birtəhər qur­tara bildik. Ağdama, Bərdəyə yol aldıq.

Xocalı hadisələri zamanı təkcə bizim nəsildən xeyli adam qırıldı. Ağbirçək Zəhra xala, igid Mehdi, adını unutduğum bir Axıska türkü və başqaları erməni vəhşiliyinin qurbanı oldular. Nəslimizdən beş nəfər itkin düşdü, hələ də heç birinin öldüsü-qaldısı bilinmir…

O vaxtdan Sumqayıtda məskunlaşmışıq. Burada hərtərəfli diqqət və qayğı ilə əhatə olun­muşuq. Şəhər rəhbərliyi daim qayğılarımızla maraqlanır, heç vaxt diqqətsiz qalmırıq. Amma yurd həsrətini heç nə ilə ovutmaq olmaz. O unu­dulmaz yerlərə qayıdacağımız günü səbirsizliklə gözləyirik. Allahdan bir arzum var ki, bizə bu zülmü edənlər mütləq haqqın zavalına gəlsinlər, necə ki, gəlirlər də.

Hazırladı: Əli NƏCƏFXANLI,

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər