Sumqayıtda yeni istifadəyə verilən Bayraq muzeyinə ilk ekskursiya VİDEO

3690

Bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə açılan Sumqayıtdakı Bayraq muzeyinin ilk ziyarətçiləri şəhərdə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri, eləcə də şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları və idmançılar olub.

AZƏRTAC xəbər verir ki, ziyarətçilərə muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, sərgi zallarında altı bölmə fəaliyyət göstərir. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri nümayiş etdirilir.

Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar, həmçinin müxtəlif illərə aid poçt markaları, orden və medallar da var.

Bayraq muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. İnşaat işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar mövcuddur.

Muzeyin dənizkənarı bulvarda inşa edilməsi şəhər sakinləri ilə yanaşı, yay aylarında istirahətə gələn qonaqların da eksponatlarla tanış olması üçün imkan yaradır.

Qeyd edək ki, indiyədək Sumqayıt şəhərində Bayraq muzeyi olmayıb. Muzeyin istifadəyə verilməsinin şəhərdə fəaliyyət göstərən ali və orta ümumtəhsil müəssisələrinin tələbə və şagirdlərinə vətənpərvərlik hisslərinin aşılanmasında böyük əhəmiyyəti olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər