Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm və əl işləri, eləcə də xalq tətbiqi sənəd nümunələrindən ibarət sərgi təşkil edilib.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən sərgidə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Eldəniz Ağayev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, rəssamlar, ziyalılar, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələr iştirak edib.
Sərgidə Sumqayıt, Şuşa, Xızı rəssamlarının ümumilikdə 60 əsəri nümayiş olunub. Rəssamlar Qələbəmizi əks etdirən əsərləri haqqında sərgi iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Qələbədən, Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığından söz açılıb. Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu düşmən üzərində böyük Zəfər qazanaraq 30 illik torpaq həsrətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.