Sumqayıtın çirkab suları niyə hələ də təmizlənmədən Xəzərə axır?

975

Sutəmizləyici qurğulardan istifadəyə nə mane olur?

Sovetlər dönəmində amansızlıqla çirkləndirilmiş Xəzər indi öz tarixinin ən ağır, ən çirkli dövrlərini yaşayır. Sovet istehsalat maşınının “sadəcə  məhsul, kəmiyyət” ideologiyası ölkəmizdə ayrı-ayrı yerlərdə, ən müxtəlif sahələrdə izlər buraxdığı kimi Xəzər dənizinin Azərbaycan sahillərində də əməlli-başlı acınacaqlı varis qoyub. Neftin köhnə texnologiyalarla çıxarılması ilə yanaşı, ayrı-ayrı Xəzər ətrafında yerləşən zavodların, müəssisələrin tullantılarının dənizə axıdılması da dünyanın ən böyük gölünü olmazın vəziyyətə salıb. Kanalizasiya xətlərinin də bu su hövzəsinə heç bir təmizləmə əməliyyatı aparılmadan axıdılması isə durumu bir qədər də acınacaqlı edib.

Xəzər dənizi qapalı su hövzəsi olmaqla bölgənin iqlim şəraitinin formalaşmasında mühüm rol oynayır, zəngin balıq və enerjidaşıyıcıları ehtiyatlarına malikdir, gəmiçilik üçün yüksək potensialı var. Sahəsi 400 min kv.m, uzunluğu 1050 km, sahil xətti 7000 m, orta dərinlik 180 m, su həcmi 80 000 kub.m.-dir. Dənizin illik su daxil olmasının 80 faizini Volqa çayı, 7 faizini isə Kür-Samur-Yılan daxilolması təşkil edir.

Müxtəlif qiymətləndirmələrə görə, Xəzər dənizində neft ehtiyatları 20 milyard tona çatır. Təqribən nərə balıqlarının 85 %-i, qara kürünün isə 95 %-i Xəzər dənizində istehsal olunur. Xəzər dənizində 10 milyona qədər quş qışlayır.

Ekspert rəylərinə əsaslansaq, dənizin ekoloji problemlərini 3 qrupa bölmək olar. Ilk yerdə çaylar vasitəsilə kimyəvi çirklənmə gəlir. Qeyd edək ki, Xəzər dənizinə 130-a qədər çay ildə 300 kub km su daşıyır. Təkcə Volqa çayına ildə 12 milyard kub m çirkab su axıdılır. Beləliklə, Volqa vasitəsilə Rusiyanın böyük sənaye regionunun bütün ekoloji bəlaları Xəzərə gətirilir. Xəzərə daşınan zərərli maddələrin 95 %-i Volqanın payına düşür. Buraya 145 min ton neft, 1353 ton fenol, 1620 ton sink və digər maddələr daxildir.

Kür və Araz çayları isə Cənubi Qafqazın bütün axıntılarını Xəzərə gətirir, baxmayaraq ki, Azərbaycan əhalisinin 70 %-i bu suyu içmək üçün istifadə edir. Terek 240 mln kub m, Kür isə 522 mln kub m çirkab suyu Xəzərə gətirir.

Ekoloji problemlər sırasında ikinci yerdə Xəzər dənizində suyun səviyyəsinin qalxmasını göstərmək olar.

1977-1998-ci illər ərzində Xəzər dənizində suyun səviyyəsi 2,5 m qalxıb. Azərbaycanın cənub rayonlarında 17 kənd və 50 min hektar sahə su səviyyəsinin qalxmasından zərər çəkib, bir sıra kəndlərin əhalisi “ekoloji qaçqın” vəziyyətinə düşüb. Bu katastrofdan dəyən iqtisadi ziyan 4 mlrd ABŞ dollarından çoxdur.

Üçüncü yerdə isə dəniz-neft sənayesi gəlir – 1949-cu ildən başlayaraq Xəzər dənizində “Neft daşları” və “28 aprel” platformalarında neft çıxarılması və daşınması işləri görülür. Bu vaxtlar ərzində Qazaxıstan sahillərindən də tankerlərlə Bakı zavodlarına emal üçün kükürdlü neft daşınıb. Neftin çıxarılma və daşınma proseslərində dənizə tökülməsi nəticəsində dənizin neftlə çirklənmə səviyyəsi bəzi sahələrdə yol verilən normanı 20 dəfəyə qədər ötür. Xəzər dənizinin neftlə və neft məhsulları ilə ən çox çirklənməyə məruz qalan hissələri Bakı buxtası, Abşeron arxipelaqı, Adalar, Türkmənbaşı, Çeleken, Manqışlaq, Tenqiz və neft sənayesinin digər inkişaf edən əraziləridir.

***

Bu yaxınlarda Azərbaycan hökuməti çox mühüm əhəmiyyətə malik olan bir qərar qəbul etdi. Qərara görə Xəzərətrafı ərazilərdən dənizə axıdılan çirkab suların təmizlənərək hövzəyə buraxılması üçün xüsusi qurğular quraşdırılmalı idi. Qısa zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu layihənin icrasını yekunlaşdırdı.

“Azərsu” da SC-nin sifarişi ilə ABŞ-ın “American Enviro Care” şirkəti tərəfindən layihələşdirilmiş qurğu həm müasirliyi, həm də etibarlılığı ilə fərqlənir. Hər halda, qurğu barədə yayılan məlumatda belə deyilirdi: “Texnologiyaya əsasən, şəhərin çirkab suları xüsusi kameraya qəbul olunduqdan sonra iri cisimlərdən təmizlənir. Bərk cisimlər aqreqatlarla əzilir, qalıqlar isə nasoslarla kənara vurulur və daşınır. Bundan sonra suyun bioloji təmizlənməsi prosesi gedir.

Bütün bu proseslərin ardıcıl aparılması üçün qurğuda ən müasir avadanlıq quraşdırılmış, yeni sexlər və yardımçı sahələr tikilmişdir. Standartlara uyğun təmizlənmiş su dənizə ən yeni texnologiya əsasında axıdılacaqdır. Bunun üçün qurğudan dənizə boru xətti çəkilmişdir.

Kompleks tamamilə işə düşdükdən sonra təkcə Sumqayıtın deyil, ətraf yaşayış məntəqələrinin də çirkab suları burada təmizlənəcəkdir”.

Beləliklə, 2010-cu il üçün bircə iş qalırdı – kanalizasiya xətlərinin bu qurğulara birləşdirilməsi. Bu problem barədə az sonra, hələlik isə bu istiqamətdə planlaşdırılan daha bir layihə barədə. Belə ki, məhz 2010-cu ildə Azərbaycan hökuməti ölkənin içməli su ehtiyatının zənginləşdirilməsi üçün Xəzər dənizi suyunun şirinləşdirilməsi layihəsinə start verməyi nəzərdə tutur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səftərzadənin sözlərinə görə, layihənin maliyyələşməsi ölkə başçısının “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin olunması haqqında” sərəncamı əsasında həyata keçiriləcək.

O bildirir ki, layihə təklifi hazırlanıb və təqdim olunub: “Dəniz suyunun şirinləşdirilməsi hesabına bu problem həll olunacaq. Bu layihə ilkin mərhələdə Azərbaycanın cənub və şimal bölgələrində baş tutacaq. Belə ki, şirinləşdirilmiş şor sudan su mənbələrindən uzaq, Xəzər dənizinə yaxın ərazilərdə yaşayan sakinlər istifadə edəcək”.

Ekoloji baxımdan yüksək keyfiyyətə malik olacaq bu su Ümumdünya Səhiyyə Təşkilatının tətbiq etdiyi normativ əsasında təmizlənəcək. Şöbə müdirinin sözlərinə görə, bu layihədə küveytli mütəxəssislərin təcrübələrindən istifadə olunur.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il yağış və çirkli suların təmizlənməsi layihəsini də həyata keçirəcək.

Bəs Sumqayıtın çirkab sularını dənizə axıdan kanalizasiya xətlərinin artıq tam hazır vəziyyətə gətirilmiş sutəmizləyici qurğuya birləşdirilməsi prosesi hansı səbəbdən ləngiyir?

Xatırladaq ki, Sumqayıtın Kotej qəsəbəsi istiqamətində (Səməd Vurğun küçəsi) dənizkənarı zolaqda quraşdırılmış qurğu sutka ərzində 200 min kubmetr suyu təmizləmək gücündədir. Bütün Sumqayıt ərazisindən Xəzərə axıdılan sutkalıq suyun həcmi isə 120 min kubmetrdən çox deyil. Dərhal onu da qeyd edək ki, hazırda Sumqayıtın 18 nöqtəsindən dənizə çirkab sular axmaqdadır. Bu xətlərin təmizlənərək dənizə axıdılması üçün onları sadəcə qurğuya birləşdirmək lazımdır. Amma bu kifayət qədər maliyyə vəsaiti tələb etdiyindən və bunun üçün büdcədən xərclər nəzərdə tutulmadığından proyektin məntiqi sonluğa çatması ləngiyir. Etibarlı mənbələrdən aldığımız məlumatlar isə deməyə əsas verir ki, bu istiqamətdə yerli icra aparatı ilə Prezident Administrasiyası və Maliyyə Nazirliyi arasında müzakirələr aparılır. Gəlin ümid edək ki, bu müzakirələr ən qısa zamanda Xəzərin “yük”ünü azaldacaq nəticə ilə yekunlaşacaq. Axı 18 nöqtənin bir qurğuya birləşdirilməsi bizim nəhəng iqtisadi inkişafımızın fonunda cılız görünür.

Vüsal Mətləboğlu, “168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər