O vaxtlar yaşı 66-ya çatsa da, Sumqayıt heç zaman “Göyərçin”dən o yana bir addım da ata bilməmişdi. Ancaq “könlü” elə istəyirdi ki, dənizin lap yaxınına getsin, onun nəfəsini lap yaxından, canında duysun. “Ayağını” dənizin ləpədöyəninə qədər uzadıb, rahatlanmaq istəyirdi. Lakin əlindən tutub, ona kömək edib, irəli aparan yox idi. Və bir gün… möcüzə baş verdi – onun çoxdan tanıdığı, qəlbində ona sonsuz sevgisi olan bir nəfər yaxın, əziz bir dost kimi ehmalca onun qoluna girib, addım-addım dənizə tərəf addımlamağa kömək etdi. Məhz o DOSTun sayəsində Sumqayıtın onillərləqəlbində yaşatdığı arzusu nəhayət ki, cox qısa bir vaxtda, cəmi bir il ərzində həqiqətə çevrildi – qoynuna sığınmış sakinlər üçün möcüzəli şəkildə çox gözəl, qəlb oxşayan, sahil boyunca uzandıqca uzanan yeni, unikal park Sumqayıtı da, onun əhalisini də hədsiz dərəcədə sevindirdi. Ancaq onlardan da daha çox sevinən, onlara baxıb fərəhlənərək, köksü dağa dönən həmin DOST idi. Təsadüfi deyil ki, şair Əşrəf Veysəlli də DOSTun xeyirxah əməllərindən söz açaraq, çox gözəl deyib:
Burda qönçələnib ömrün səhəri,
Olsa da dünyanın harasında o.
Ovcunun içitək görür şəhəri
İki pəncərənin arasndan o.
Onun hər gün əlindən, qolundan tutub Xəzərə sarı addımladan, buna görə də son illərdə “dənizə addımlayan şəhər” kimi tanınan Sumqayıt özünün hər addımıyla yeni tikilən, ucalan, daim artan çoxmərtəbəli binalarıyla gözəl bir Dəniz mikrorayonu ilə daha da genişləndi, şöhrətləndi. Və bu Dəniz mikrorayonu indi sanki “baba Sumqayıtın” Xəzər sahilinə çıxaraq, orda sevinclə oynayan xoşbəxt nəvəsidir!..
…Bu gün dünyanın ən gözəl şəhərlərindən olan Sumqayıtın 73 yaşı tamam olur. Və bu gün o sədaqətli, geniş qəlbli xeyirxah DOST bu gözəl şəhərlə qol-boyun olub, qürurla, alnıaçıq bu əlamətdar günü qeyd edir, hamıdan çox sevinir! İndi onlar – Sumqayıt və onun qayğıkeş, sədaqətli, qurucu DOSTu hər yerdə qoşadırlar, ayrılmaz dostlardırlar.
Onların dost birliyindən, xoş dost təmasından fərəhlənən Sumqayıt sakinləri bugünkü gözəl günlər üçün onlara öz təşəkkürlərini, minnətdarlıqlarını bildirirlər – şəhərə yeni görkəm və yaraşıq verən çoxsaylı müasir yaşayış və inzibati binaların tikilib, istifadəyə verilməsinə, əvvəllər bərbad vəziyyətdə olan bütün binaların dam örtüklərinin başdan başa yenilənməsinə (qışda-payızda mənzillərinə daha yağış suları axmadığına görə), məktəblərin, baxçaların istilik sistemləri də daxil olmaqla təmirinə, yenilənməsinə, bütün şəhərdaxili və şəhərətrafı yolların yüksək keyfiyyətlə asfaltlanmasına, səkilərin yenidən qurulmasına, çoxmərtəbəli yaşayış binalarının lift sisteminin ən müasir, yüksək texnologiyalar əsasında yenidən qurulmasına, istilik və rabitə problemlərinin maksimum aradan qaldırılmasına, yaşıllıqların genişləndirilməsinə, təhsil və səhiyyə sahələrində işlərin yaxşılaşdırılmasına və s. görə!
Bayramınız mübarək, doğma Sumqayıt və qayğıkeş, qurucu DOST!
Bayramınız mübarək, əziz şəhər sakinləri! Çox şükürlər ki, indi sizi hər gün düşünən, hər gün qayğınızı çəkən var! Allah Sumqayıtı da, onun sədaqətli, mehriban DOSTunu da sizinlə birlikdə var eləsin!
Rəhman Orxan
Müzakirə qapadılmışdır.