“Sumqayıt”ın kapitanı: “Hazırkı mövqeyimiz heç birimizi razı sala bilməz”

576

“Yanvarın 12-dən Türkiyədə təlim-məşq toplanışındayıq və burada artıq iki yoldaşlıq görüşü keçirmişik”.

Bunu “Report”a açıqlamasında “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov deyib.

34 yaşlı müdafiəçi hazırlıq prosesində, əsasən, yoxlama oyunlarında etdikləri səhvlər üzərində işlədiklərini bildirib: “Fevralın əvvəlində keçirəcəyimiz ölkə kuboku və Premyer Liqa oyunlarına tam hazır olmaq istəyirik. İlk yoxlama matçında güclü Polşa “Yagelloniya”sı ilə qolsuz bərabərə qaldıq. Amma ikinci görüşdə Almaniyanın “Berliner AK” klubuna 2:5 hesablı məğlubiyyəti gözləmirdik. Oyuna baxsaq, görərik ki, rəqib qapımıza 6 zərbə vurdu, onun da 5-i qolla nəticələndi. Təlim-məşq toplanışı məhz səhvləri görmək və azaltmaq üçündür. Biz də bundan ötrü çalışacağıq”.

Kapitan dekabrın ortalarında istefaya göndərilmiş Ayxan Abbasov haqqında da danışıb: “Ayxan müəllim hər birimizlə yaxın olub. 4 ilədək birlikdə çalışdıq. Rəhbərlik belə qərar veribsə, əlimizdən gələn bir şey yoxdur. Ona həm həyatda, həm də gələcək karyerasında uğurlar arzulayıram”.

Hüseynov yeni baş məşqçi Aleksey Baqanın özündən söz etdirən mütəxəssis olduğunu söyləyib: “Hər bir baş məşqçinin öz dəst-xətti var. O, gəldiyi gündən öz futbol biliyini bizə aşılayır. Həm məşqlərdə, həm də analizlərdə bütün futbolçularla yaxından maraqlanır, isti münasibət göstərir”.

Təcrübəli oyunçu Premyer Liqadakı hədəfləri və öz karyerası barədə də fikirləri bölüşüb: “Hazırkı mövqeyimiz heç birimizi razı sala bilməz. Daha yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq. Kubokda sonadək irəliləmək niyyətindəyik. Bunun üçün də şansımız var. Mövsümü uğurla bitirməyi hədəfləyirik. Bu il mənim də 34 yaşım olacaq. 1-2 il daha futbol oynamaq istəyirəm. Bunu isə zaman göstərəcək”.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada 14 turdan sonra 12 xalla 7-ci pillədə qərarlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər