Sumqayıtın millət vəkilləri “ASAN xidmət” mərkəzinin könüllüləri ilə görüşdü – FOTO

644

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının inzibati binasında Milli Məclisin deputatları Emin Hacıyev və Hicran Hüseynova ilə Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin könüllülərinin görüşü olub.

Oxu.Az xəbər verir ki, görüş “Gənclərin və Könüllülük fəaliyyətinin dövlət və ictimai işlərdə rolu” mövzusunda keçirilib.

Tədbirin əvvəlində Vətənin bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin deputatları Hicran Hüseynova və Emin Hacıyev qeyd olunan mövzu ilə bağlı çıxışlar edib və gənclərlə fikirlərini bölüşərək geniş müzakirələr aparıblar. Milli Məclisin deputatları ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, ölkə başçısı Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından söz açıblar.

Son illər həyata keçirilən siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsini məhz bu faktın göstəricisi kimi vurğulayıblar.

Tədbirdə istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə düşmənin yalnız hərbi müstəvidə deyil, informasiya cəbhəsində də böyük təxribatlara əl atdığı barədə danışılıb və məhz Prezident İlham Əliyevin xarici mətbuata müsahibələrindən və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlarından sonra yarılan informasiya blokadasından söz açılıb.

Deputatlar Azərbaycan gənclərinin ön cəbhədə əsgər kimi, arxa cəbhədə informasiya müharibəsinin döyüşçüsü kimi Ermənistanın təxribatlarının, yalan kampaniyalarının qarşısının alınmasında fəal iştirak etdiklərini bildiriblər və gəncləri sosial şəbəkələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda daha fəal olmağa çağırıblar.

Görüş zamanı qeyd olunan mövzu gənclərlə geniş müzakirə edilib, onları maraqlandıran suallar deputatlar tərəfindən cavablandırılıb.

Könüllülərlə görüş zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycanın Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı rəşadətli ordumuzun qəhrəmanlıq və şücaətlərdən bəhs edən “Zəfər tarixi” adlı sənədli film nümayiş olunub.

Emin Hacıyev və Hicran Hüseynova “ASAN Könüllülər”in daima vətənpərvər ruhda olacaqlarına, Vətəninə, xalqına örnək vətəndaş kimi yetişəcəklərinə əmin olduqlarını bildiriblər. “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Rza Mirzəzadə gənclərlə olan səmimi görüşə görə deputatlara təşəkkürünü bildirib.

Tədbirin sonunda Milli Məclisin deputatları “ASAN Könüllüləri” ilə xatirə fotosu çəkdiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər