2 Fevral – Gənclər Həftəsi çərçivəsində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin Tarixi Muzeyində 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə gənc sumqayıtlı yazarların və gənc mədəniyyət işçilərinin iştirakı ilə görüş keçirildi.
İlk olaraq 2 fevral – Gənclər Gününə həsr olunmuş videoçarx qonaqlara təqdim olunmuşdur. Daha sonra muzeyin direktoru Aygün Zülfüqarlı ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov öz çıxışında gənclər siyasətinin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu və dövlət siyasətinin mühüm, ayrılmaz tərkib hissəsini təşkil etdiyini bildirmişdir. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxış edərək, son 25 il ərzində Azərbaycan gəncliyinin əldə etdiyi mühüm nailiyyətlərdən söz açmışdır. Bildirmişdir ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyi tərəfindən siyasi, iqtisadi, humanitar və sosial istiqamətdə keçirilən tədbirlərdə hər zaman yaxından iştirak edir. Sumqayıtlı gənclərin də ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış etdiyini, irimiqyaslı tədbirlərə qoşulduğunu xüsusi vurğulamışdır. Sumqayıt şəhər Ə.Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı öz çıxışında Sumqayıtlı gənc yazarların ədəbi mühitdə fəal iştirakından, bu istiqamətdə göstərdikləri uğurlu fəaliyyətlərindən danışmışdır.
Tədbirdə Vətən müharibəsi qaziləri, eyni zamanda gənc yazarlar Emin Piriyev və Elvin Məmmədli çıxış etdikdən sonra, muzeyə kitablarını hədiyyə etmiş, öz şeirlərini səsləndirmişlər. Gənclər günü münasibətilə gənc yazarlara və fəal mədəniyyət işçilərinə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanları və hədiyyələr təqdim edilmişdir.