Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Sumqayıt şəhərində 26 minə yaxın ağac əkilib.
Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Sumqayıt şəhərində yaşıllaşdırma işləri aparılıb. Aksiya çərçivəsində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində 16 min, şəhərin müxtəlif ərazilərində ümumilikdə 26650 ağac əkilib.
Ağacəkmə aksiyasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.
Vurğulanıb ki, bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.
Qeyd edək ki, dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçirilib. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkilib.