2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra imzalanan bu sənəd təkcə Azərbaycan-Türkiyə əlaqələrinin hüquqi-siyasi əsaslarını möhkəmləndirmədi, həm də regionun gələcək geosiyasi mənzərəsini müəyyən edən mühüm strateji sənədə çevrildi. Məhz buna görə Şuşa Bəyannaməsi XXI əsrdə türk dünyasının siyasi birliyinin ən mühüm hadisələrindən biri hesab olunur.
Bəyannamənin əsas ideoloji dayağını Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşada imzalanan bu sənəd əcdadların siyasi və mənəvi vəsiyyətinə sadiqliyin nümayişidir. Bu baxımdan Bəyannamə sadəcə dövlətlərarası sənəd deyil, eyni zamanda ortaq tarixə, dilə, mədəniyyətə və milli kimliyə əsaslanan strateji birlik konsepsiyasının təsdiqidir.
Şuşa Bəyannaməsinin ən mühüm xüsusiyyətlərindən biri onun əməkdaşlığın bütün istiqamətlərini əhatə etməsidir. Sənəddə siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, elm, təhsil, mədəniyyət və informasiya siyasəti kimi sahələr üzrə konkret hədəflər müəyyənləşdirilib. Bu isə Azərbaycan və Türkiyə münasibətlərini klassik tərəfdaşlıq səviyyəsindən çıxararaq tamhüquqlu müttəfiqlik mərhələsinə yüksəldib.
Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Sənəddə hər iki dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyət göstərilməsi prinsipi əks olunub. Bu müddəa regionda sülh və sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda müdafiə sənayesi, hərbi təlimlər, müasir silah sistemlərinin tətbiqi və silahlı qüvvələrin modernləşdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu, Azərbaycan-Türkiyə hərbi ittifaqının daha da möhkəmlənməsinə xidmət edir.
Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlığın yeni mərhələsini də formalaşdırır. Xüsusilə Zəngəzur dəhlizi layihəsinin sənəddə öz əksini tapması regionun nəqliyyat və logistika xəritəsində yeni imkanlar yaradıb. Bu layihə Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin imkanlarını genişləndirərək Avropa ilə Asiya arasında ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi və digər nəqliyyat təşəbbüsləri gələcəkdə regionun iqtisadi inteqrasiyasını daha da sürətləndirəcək.
İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması prosesi də Şuşa Bəyannaməsinin mühüm istiqamətlərindən biridir. Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq layihələrində fəal iştirak edir. Yol, enerji, kənd təsərrüfatı, yaşayış məntəqələrinin tikintisi və turizm infrastrukturunun yaradılması istiqamətində əməkdaşlıq həm regionun sosial-iqtisadi inkişafına, həm də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının praktiki nəticələrinin görünməsinə şərait yaradır.
Sənəddə informasiya siyasəti və diaspor fəaliyyətinə xüsusi yer ayrılması da diqqət çəkir. Azərbaycan və Türkiyə diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti, beynəlxalq mediada ortaq mövqenin formalaşdırılması, informasiya mübadiləsinin gücləndirilməsi və diplomatik səylərin əlaqələndirilməsi müasir dövrün mühüm çağırışlarına cavab verir. Xüsusilə qlobal informasiya müharibələrinin getdikcə intensivləşdiyi bir dövrdə bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarının müdafiəsində mühüm rol oynayır.
Bu gün Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə arasındakı münasibətlərin hüquqi bazası deyil, həm də regionun gələcək inkişaf konsepsiyasını müəyyən edən strateji yol xəritəsidir. Bəyannamədən irəli gələn öhdəliklərin ardıcıl icrası Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, türk dünyasının inteqrasiyasının dərinləşməsinə və hər iki dövlətin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Şuşada imzalanan bu tarixi sənəd bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər zamanın sınağından çıxmış, ortaq milli maraqlara söykənən və gələcəyə hesablanmış sarsılmaz müttəfiqlik modelidir.
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri


Müzakirə qapadılmışdır.