ŞUŞA BƏYANNAMƏSİ – AZƏRBAYCAN TÜRKİYƏ QARDAŞLIĞINI VƏ MÜTTƏFİQLİYİNİ MİSLİ GÖRÜNMƏMİŞ SƏVİYYƏYƏ QALDIRMAQDADIR

659

Təməli Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulan Şuşa şəhəri müasir dövrdə Türk dünyasının coğrafiyasının birləşdirilməsində tarixi rol oynamaqdadır. Təsadüfi deyildir ki, ölkə Prezidentinin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan olunmuşdur.

Şuşa şəhəri bütün dünya azərbaycanlıları üçün müqəddəs bir yerdir və özünəməxsus inkişaf xüsusiyyətləri ilə fərqlənir. Şuşa uzun illər ərzində Qarabağın mərkəzi statusu rolunda çıxış etmiş və Qarabağın Azərbaycanın ayrılmaz regionu kimi inkişafında strateji funksiyaları yerinə yetirmişdir. XIX əsrdə Şuşa regionun əsas iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur. Şuşanın ticarət əlaqələri çoxşaxəliliyi ilə fərqlənmişdir. Rusiya, Hindistan, Avropa ölkələrindən, Cənubi Azərbaycan, xüsusilə Osmanlı imperiyasından çoxsaylı tacirlər Şuşaya böyük həvəslə gəlirdilər. Şəhərdə müxtəlif parçaların hazırlanması ilə 500 toxuculuq dəzgahı var idi və 50-dən çox sənət sahəsi istiqamətində sənətkarlar çalışırdılar.

SSRİ-nin yaradılmasından sonra Şuşa şəhərinin Qarabağın mərkəzi statusunun zəiflədilməsi baş verdi, ermənilər havadarlarının köməyi ilə Şuşanın inkişafını ləngitmək, bu yerləri erməniləşdirmək üçün dəridən-qabıqdan çıxırdılar. Yalnız 1970-1985-ci illərdə Ulu Öndər Heydər Əliyevin tarixi səyləri nəticəsində Şuşa şəhərinin dirçəldilməsi və Qarabağın mərkəzi statusunu özünə qaytarması əsasən mümkün olmuşdur.

Lakin, Şuşanın Azərbaycanlı ruhuna, Azərbaycan torpağı ilə bağlı özəlliklərinə dözməyən, bu torpaqların Azərbaycana məxsusluğunu həzm etməyən erməni işğalçıları və onların ikiüzlü, hiyləgər havadarları Azərbaycanın müstəqilliyin zəiflətmək və təzyiq altında  saxlamaq üçün 1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 %-ni, o cümlədən, Şuşa şəhərini işğal etdilər.

Amma, Azərbaycanın dövlətçılık atributlarını gücləndirməkdə tarixi xidmətləri olan Heydər Əliyevin dahi zəkası və rəhbərliyi altında ölkəmizdə siyasi, makroiqtisadi və makromaliyyə sabitliyi təmin olundu. Neft strategiyası reallışdırıldı və Azərbaycan beynəlxalq arenada möhkəmlənməyə başladı. Qarabağ həqiqətləri bütün dünyaya çatdırıldı və torpaqlarımızın, xüsusilə, Şuşanın işğalı ilə heç vaxt barışmayacağımız bütün dünyaya bəlli oldu.

2020-ci ilə sentyabrın 27-dən başlayan 44 günlük müharibədə ölkə Prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz erməni işğalçılarını torpaqlarımızdan qovdular, Ermənistan rəhbərliyi isə təslimçilik aktına imza atdı. 2020-ci il noyabr ayının 8-də Şuşanın işğalçılardan azad edilməsi isə hərb tarixinə düşdü və bir qəhrəmanlıq dastanı kimi bütün dünyaya yayıldı, hazırda isə hərbi materiallarda və dərsliklərdə yer almaqdadır.

Azərbaycanın haqq işində, torpalarımızın işğalçılardan qorunmasında qardaş Türkiyənin strateji rolu həmişə önəmli və həlledici xarakter daşımışdır. Bu məsələlər 100 il bundan qabaq necə önəmli olmuşdursa, müasir dövrümüzdə daha artıq strateji səviyyəyə qalxmışdır. 44 günlük Böyük Qarabağ Zəfərində Türkiyə Azərbaycanın tam mənada yanında olmuş və bütün dünyada haqq səsimizin daha uca çıxması üçün nə lazımdırsa düşünmədən dərhal etmişdir. Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığı hər bir sahədə özünü göstərməkdədir.

Bunlarla belə, bütövlükdə Türk Dünyası və Türkdilli dövlətlər üçün maksimum strateji əhəmiyyət kəsb edən tarixi bir hadisə yenə Şuşa ilə bağlı olmuşdur. 2021-ci il iyun ayın 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqındaŞuşa Bəyannaməsi” imzalanmışdır. Bununla da iki qardaş ölkə 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə sadiq olduqlarını qətiyyətlə təsdiq etmişlər. Digər tərəfdən, hesab edirik ki, Şuşa Bəyannaməsi Azərbaycana uzanan xain əlləri kəsməkdə, onun torpaqlarında gözləri olanların gözlərini çıxartmaqda və revanşıst xülyalarla yuxularını qaçıranlara tutarlı bir cavab və sipər oldu.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyini və iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Bu strateji müttəfəqlik sənədi Türk Dünyasının coğrafiyasını birləşdirməkdə tarixi rol oynayacaq və çox mühüm addımların atılmasına təkan verəcəkdir.

ŞƏFA ƏLİYEV,

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, Sumqayıt Dövlət Universitetininprofessoru.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər