Şuşa Bəyannaməsi: yeni geosiyasi reallıq

1321

Vətən müharibəsi- şanlı tariximizə qızıl hərflərlə yazılan növbəti salnamə. O salnaməki bütün dünyaya Azərbaycanın səsini hayqıraraq duyuran, gücümüzün, qüdrətimizin, mərdliyimizin danılmaz həqiqətinə çevrildi. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü hər kəsə nümayiş etdirdi. 30 ilə yaxın müddətdə misilsiz dözüm göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı diz çökməyə, bizimlə hesablaşmağa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladılar.

Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir.

44 günlük müharibədən sora illərdir düşmənin vandal davranışlaraına məruz qalan torpaqlarımızda artıq şənlik, bayram səsləri duyulmaqdadır.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və “Xarı bülbül” festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən birinə çevrildi.

Daha bir tarixi əlamətdar gün dostluq, qardaşlıq münasibətlərinin bariz nümunəsi, Azərbaycanla Türkiyə arasındakı siyasi-strateji əməkdaşlığın daha bir göstəricisi kimi İyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla Şuşaya rəsmi səfərin qeyd etmək olar. Bu günlərdə yerli və xarici mediyanın gündəmindən enməyən bu xəbər bir növ haqlı qələbəmizin bir daha təstiqinə çevrildi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri ən yeni tariximizin önəmli səhifəsidir. Bu səfərə damğasını vuran  ən önəmli hadisə Şuşada iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik haqqında Bəyannamənin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinin necə möhkəm dayaqlara söykəndiyini bir daha gözlər önünə sərib.

2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar iki ölkənin öz siyasətində təhlükəsizlik məsələsini prioritet kimi əsaslandırması bu Bəyannamənin əsas özəyini təşkil edir. Buna ən əsas nümunə kimi Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardımın ön plana çəkilməsini qeyd etmək olar. Bu danılmaz həqiqət bir daha onu göstərir ki, iki ölkə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək.

Bu Bəyannamənin əsas müddəası kimi Azərbaycana qarşı hər hansı hərbi təcavüzü özünə qarşı təcavüz kimi dəyərləndirəcək Türkiyə bu məsələdə Azərbaycana, Azərbaycan isə Türkiyəyə açıq dəstək verəcək. İmzalanmış Bəyannamənin qeyd olunan bu bəndi Ermənistana və onun havadarlarına qarşı irəli sürülmüş açıq ismarışdır. Bəyannamənin Vətən müharibəsinin sona çatmasında xüsusi əhəmiyyət kəsb edən, Qarabağın məhək daşı olan Şuşa şəhərində imzalanması isə xüsusi məna kəsb edir. Müharibədə rüsvayçı şəkildə məğlubiyyətlə üzləşən bədnam düşmən, Ermənistan və havadarları Azərbaycana, onun ayrılmaz hissəsi olan Qarabağa nə vaxtsa yenidən hərbi təcavüz etmək niyyətinə düşərlərsə qarşılarında Türkiyəni də görəcəklər. Bəyannamənin məhz  Şuşa şəhərində imzalanması hər iki ölkənin bu məsələdə qətiyyətli mövqeyinin aşkar ifadəsidir. Tarixi əhəmiyyət kəsb edən, iki ölkənin gələcək strateji yoluna işıq salan növbəti bir addım kimi qiymətləndirilən Bəyannamə əslində düşünülmüş və yüksək dəyərlərə dayanan möhkəm işbirliyinin aydın ifadəsidir. Bəyannamədə bu iki qardaş ölkənin dərin münasibətlərinə işıq tutan bir sıra tarixi məqamlar da vardır. Belə ki, xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları burada bir daha xatırlanıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürkün dediyi, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyevin dediyi, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələri bu dostluğun artıq bir ənənə təşkil etdiyinə və bundan sonra da əsrlər boyu davam edəcəyinə tarixi dəlildir. Azad Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu Tarixi ənənənin və fəlsəfənin məntiqi ardıdır.

İki ölkənin birgə fikirinin ifadəsi olan Bəyannamə təkcə hərbi əməkdaşlıqla kifayətlənmir. Belə ki, bura da bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

Hərbi tərəfdaşlığı əks etdirən bəndlər müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələsini ön plana çəkirsə, geosiyasi əməkdaşlıqda isə əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri gündəmə gətirilib. Bəyannamədə yer alan Zəngəzur dəhlizi ilə bağlı məqamlardan söz açan cənab prezident İlham Əliyev bunun İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsi olduğunu və bu gün Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışıldığının hətta bununla bağlı əməli, praktiki işlərlə bu dəhlizin artıq  yaradıldığı haqqında geniş məlumat verib.

Bundan başqa strateji əməkdaşlığın çoxşaxəli istiqamətlərindən bəhs edən ölkə başçısı bu tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran hərbi sənaye sahəsindəki əməkdaşlıqdan, İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatların böyük rolundan da söz açıb bundan başqa müdafiə sənayesi sahəsində əlaqələrin inkişafının ölkələrin hərbi qüdrətini artıracağını,  Azərbaycanın bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəyini əlavə edib.

Cənab prezident  bildirib ki,  bu Bəyannamə  Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamaların bütün dünyaya səs salacağını, bunun böyük əks-sədasının olacağını xüsusi vurğulayıb.

Daha sonra dövlət başçısı İkinci Qarabağ müharibəsinin başladığı gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdiyini, müharibənin ilk saatlarından Azərbaycanın tək olmadığını bildirməsini xüsusilə qeyd edib. Prezident bunun həm bizi ruhlandırdığını, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdığını əlavə edib.

Qardaşlığın, dostluğun bir daha bəyanını göstərən başqa bir əlamətdar hadisə diplomatik münasibətlərin yeni səviyyəsi kimi Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasıdır. Bu barədə söz açan prezident İlham Əliyev qəbul olunmuş bu qərarı iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verdiyini deyib.

Vandal kökləri ilə özünü daim xatırladan düşmən Ermənistanın işğal olunmuş Qarabağ torpağında daşı daş üstə qoymadığına bütün dünya bir daha şahid oldu. İndi ən ümdə məsələ kimi önə çıxan quruculuq və yenidənqurma işləri daxili siyasətimizin və iqtisasiyyatımızın ən öndəgedən məsələsinə çevrilib. Bu işlərin önəmindən və sürətindən söz açan ölkə başçısı Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlığın mövcud olduğunu bir daha gündəmə gətirib.

Təkcə Azərbaycan üçün yox eyni zamanda beynəlxalq əhəmiyyət kəsb edən Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu dəhlizin siyasi və iqtisadi önəmini qeyd edən prezident layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacağının da müjdəsini verib.

Bütün bunlar ona deməyə əsas verir ki, bundan sonra bizi, günü-gündən çiçəklənən Azərbaycanımızı qətiyyəti ilə sözünü deməyi bacaran Ali Baş Komandanın rəhbərliyi ilə ancaq inkişafın sözünü dediyi sağlam iqtisadiyyat, parlaq gələcəyin işıq saçdığı gözəl günlər gözləyir. Bizlər də vətəndaş olaraq bu günlərə gəlib çıxmaqda öz canları, qanları ilə Vətənə sədaqətini nümayiş etdirən şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik. Qazilərimizə isə möhkəm can sağlığı arzularyır,bir daha belə qanlı-qadalı günlərin olmamasını arzulayırıq.

Esmira Şahbazova, Sumqayıt şəhər Mərkəzi Kitabxananın əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər