Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

931

Prezident İlham Əliyev hələ Vətən müharibəsinin gedişində, oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Şuşa şəhərinin Azərbaycan xalqı üçün nə qədər böyük əhəmiyyət daşıdığını, Şuşanın işğaldan azad edilməsinin əsas hədəflərimizdən biri olduğunu bütün dünyaya çatdırdı. Ölkə başçısı müxbirin Şuşa ilə bağlı sualına cavab olaraq bildirdi: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Bəli, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz işğal altında olan digər torpaqlarımızla yanaşı Şuşa şəhərini də düşmən tapdağından azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük fəxarət və qürur hissi ilə Şəhidlər xiyabanında Şuşa şəhərinin işğaldan azad olunduğunu Azərbaycan xalqına bəyan etdi. Ölkə başçısının “Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” deməsi sözsüz ki, digər ərazilərimiz kimi Şuşa şəhərinin də ölkəmiz üçün, xalqımız üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyinin göstəricisi idi.

Bu gün Prezident İlham Əliyev vurğuladığı kimi doğma Şuşamız azaddır, biz qayıtmışıq və doğma şəhərimizi dirçəldirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da növbəti dəfə Şuşa şəhərində oldu. Bu səfər Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşa şəhərinin bərpa olunması, dirçəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu səfər eyni zamanda Erməni vandalizminin nəticələrini, 30 il ərzində ermənilər tərəfindən viran qoyulan ərazilərimizdəki real vəziyyəti bütün dünyaya nümayiş etdirmək baxımından da xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısının səfəri zamanı bir daha gördük ki, işğal nəticəsində bütün bina və məscidlərimiz, tarixi və mədəni abidələrimiz dağıdılıb, qədim yaşayış məskənlərimiz talan olunub. Şuşa şəhərinin tarixi mərkəzində yerləşən Qarabağ xanlığının banisi Pənahəli xanın sarayı Erməni vandalları tərəfindən dağıdılıb. İşğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şuşa Dövlət Rəsm Qalereyasının binası dağıdılıb, Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyinə ciddi ziyan dəyib.

Prezident İlham Əliyev işğaldan azad edilmiş rayonlarımıza, eləcə də Şuşa şəhərinə hər bir səfərində ermənilər tərəfindən törədilmiş dağıntıları konkret faktlarla yerli və beynəlxalq ictimaiyyətə təqdim edir. Ölkə başçısının hər bir səfəri Azərbaycan torpaqlarında ermənilərin  saxta tarix yaratmaq cəhdlərinin ifşası, qədim dini abidələrimizə qarşı törədilmiş erməni vandallığını dünyaya nümayiş etdirmək baxımından xüsusi önəm kəsb edir. Ölkə başçısı səfər zamanı bir daha bildirdi ki, azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir: “Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər”.

Bu səfərlər xalqımızda Ermənilərin viran qoyduğu kəndlərin, şəhərlərin ölkəmiz tərəfindən ən qısa müddətdə müasir yaşayış məskənlərinə çevriləcəyi əminliyini yaradır. Qısa müddət ərzində azad edilmiş ərazilərdə görülən işlər Azərbaycanın iqtisadi qüdrətinin və dünyadakı siyasi nüfuzunun bariz nümunəsidir.

Artıq Şuşa şəhərinin bərpası üçün bütün imkanlar səfərbər olunub. Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Şuşa şəhərində yerləşən Vaqifin məqbərəsində, əvvəlki görkəm qalmaqla, tezliklə bərpa işləri həyata keçiriləcək. Həmçinin Heydər Əliyev Fondu öz vəsaiti hesabına Molla Pənah Vaqifin büstünün bərpası layihəsini icra edəcək.

Artıq şəhərdə infrastruktur layihələrinin də reallaşdırılmasına başlanılıb. Bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Şuşanın enerji təminatı ilə bağlı layihələrin bir hissəsi artıq reallaşdırılıb. Hazırda Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu bina da Şuşanın azad olunmasından qısa müddət sonra inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz etmək gücünə malikdir.

Ölkə başçısının səfərləri, görülən işlər, reallaşdırılan layihələr bir daha bizdə əminlik yaradır ki, Mədəniyyət və incəsənət beşiyi sayılan Şuşa qısa müddətdə dünyanın ən gözəl şəhərinə, istirahət bölgəsinə, turizm məkanına çevriləcək.

Ceyhun Hüseynov, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər