Şuşa tarixinin ən xoşbəxt anlarını yaşayır

667

Bu günlər Azərbaycanın mədəniyyət paytaxtı Şuşa tarixinin ən xoşbəxt anlarını yaşayır. Avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində səfərdə olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa-Zəfər yolunun son tamamlanması və Füzuli Beynəlxalq Hava Limanındakı tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident və birinci xanım Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışında iştirak edib, Şuşa Xüsusi Nümayəndəliyinin yerləşəcəyi inzibati binada bərpa işləri ilə tanış olublar. Dövlət başçısı, həmçinin “Otel və Konfrans Mərkəzi”nin təməlini qoyub. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim edilib. Eyni zamanda, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin, Xalq artisti Bülbülün ev-muzeyinin, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub. Prezident və xanımı Üzeyir bəyin ev-muzeyində aparılacaq işlərlə tanış olublar.

Böyük şəxsiyyətlərin ev-muzeylərinin və heykəllərinin açılış mərasimləri əsl tarixi hadisələrdir

Şuşanın dirçəldilməsi və əvvəlki görkəminin qaytarılması fonunda bu şəhərdən çıxmış böyük şəxsiyyətlərin ev-muzeylərinin və heykəllərinin əsaslı təmirdən sonra açılış mərasimləri əsl tarixi hadisələrdir. Məlum olduğu kimi, otuz il ərzində Qarabağın digər əraziləri kimi, Şuşanı da işğal altında saxlamış erməni vandalları burada bir dənə də salamat yer qoymayıb, mədəniyyət obyektlərini dağıdıb, heykəlləri güllələyib bərbad hala salıblar. Bu gün onların yenidən öz əbədi məkanlarına qaytarılması və açılış mərasimlərinin keçirilməsi həm Şuşanın ölməz ruhunun özünə qayıtması kimi müqəddəs bir işdir, həm də hər bir azərbaycanlı üçün böyük sevinc olmaqla bərabər, mənfur düşmənə əsl göz dağıdır. Dünya bir daha gördü ki, biz doğma Şuşamıza həmişəlik sahiblənmişik, Vaqifin, Üzeyir bəyin, Bülbülün, Natəvanın halal haqlarını özlərinə qaytarmaqla ruhlarını şad etmişik.

Təəssüf ki, 1992-ci ildə işğala məruz qalan Qarabağ, həmçinin Şuşa nankor ermənilərin əli ilə daha vəhşi dağıntılara məruz qalmışdır. Düşmən çalışmışdır ki, oradan Azərbaycan ruhunu tamamilə silsin. Amma zaman göstərdi ki, ermənilərin bu arzuları ürəklərində qaldı. Ötən payız külli-Qarabağ, o cümlədən, Şuşa qəhrəman ordumuz tərəfindən azad olundu. “Xarıbülbül” festi­valı bərpa edildi, Şuşa sürətlə dirçəldilməyə başladı.

Hər birimiz iftixarla xatırlayırıq ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ötən aylarda Şuşada olarkən Molla Pənah Vaqifin dağıdılmış muzey-məqbərə kompleksinə də gəlmişdilər. Heydər Əliyev Fondunun bu kompleksə ikinci həyat verəcəyi, layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetiriləcəyi bildirilmişdi. Digər dahilərimizin ev muzeylərinin də tezliklə bərpa olunaraq əvvəlki hala qaytarılması qərara alınmışdı. Artıq biz bütün bunların reallaşdırıldığının şahidləriyik.

Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilmiş, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülmüşdü. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb. Prezident İlham Əliyevin göstərişinə əsasən, abidə bu il yenidən qurulub. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında göz-könül sevindirir.

Şuşanın tarixi görkəmi və əvvəlki şöhrəti özünə qaytarılır

Dahi şair və ictimai xadimin muzey-məqbərə kompleksi isə 1982-ci il yanvarın 14-də ümummilli liderin təşəbbüsü və iştirakı ilə açılmışdı. Məhz həmin səfər çərçivəsində ulu öndər Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermişdi. Həmin ilin 29 iyul – 3 avqust tarixlərində Şuşada ilk Vaqif Poeziya Günləri keçirilmişdi. Xatırladaq ki, Şuşa işğaldan azad olunandan sonra cənab İlham Əliyevin oraya zəfər səfəri də məhz bu il yanvarın 14-də baş tutmuşdur. Bunun özünəməxsus rəmzi mənası vardır.

Bu ilin mart ayından başlayaraq türbədə işçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Həmçinin abidənin dam örtüyü yenidən qurulub. Topoqrafiya işləri sayəsində qırılmış, dağılmış üzlük hissələr əldə edilib, fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa edilib. Salonun mərkəzində qəbir daşı üzərində qara mərmərdən sənduqə qoyulub, ilkin formanın bərpası nəzərə alınmaqla büst ağ mərmərdən hazırlanaraq quraşdırılıb. Bir sözlə, abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub.

Musiqi mədəniyyətimizin tərəqqisində böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşadakı ev-muzeyinin də bərpa işlərindən sonra açılması əsl mənəviyyat işidir. Bu il yanvarın 14-də həmin ünvanda olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən burada başlanan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb. Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Şuşa işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

Vaqif Poeziya Günlərinin keçirilməsi Qarabağa qayıdışımızın təntənəsidir

Daha bir fərəhli hadisə ondan ibarətdir ki, səfərin ikinci günü Vaqif Poeziya Günlərinin açılışı olub. Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə keçirilən möhtəşəm poeziya bayramı Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər. Dövlətimizin başçısı mərasimdə çıxış edərək bu bayramı ölkəmizin həyatında çox əlamətdar hadisə kimi dəyərləndirib.”Biz azad Şuşada yığışmışıq… Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik”.

Ölkə başçısı çıxışında Şuşa şəhərində qısa müddət ərzində görülmüş işlər və gələcək hədəflərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, Şuşada yeni beşulduzlu hotel inşa olunacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” hotellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Mənfur düşmən “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə beşulduzlu hotel inşa olunacaqdır. Yeni yaşayış kompleksinin təməli qoyulub.

Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoymuşdur. Gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd ediləcək. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözlədi.

Şuşalılar Şuşaya qayıdırlar

Şuşanın baş planı əsasında birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulur. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər. Bununla yanaşı, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir.

Dözüm, səbir, ədalətə inam Azərbaycan xalqını Qələbəyə gətirdi. Şuşa artıq azaddır. Biz azad Şuşada həyatı dirçəldirik. Şuşada festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və bundan sonra keçiriləcək.

Əli Nəcəfxanlı, Əməkdar jurnalist, Sumqayıt şəhər sakini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər