ŞUŞANIN DİRÇƏLDİLMƏSİ TƏKCƏ QARABAĞIN – AZƏRBAYCANIN YOX, BÜTÜN TÜRK DÜNYASININ YÜKSƏLİŞİDİR

748

Keçmiş SSRİ-nin süqutundan sonra yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan misli görünməmiş təhdidlərlə və təhlükələrlə üzləşdi. “Arxalı köpək qurd basar” misalına arxalanan ermənistan silahlı qüvvələri havadarlarının  dəstəyi və əldə etdikləri silahlarla əzəli Azərbaycan torpaqlarını işğal etdilər. Qədim mədəniyyət mərkəzimiz olan Şuşanın işğalı isə bütün türk dünyasının belini əydi.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə dövlət atributlarının gücləndirilməsi, o cümlədən milli ordumuzun yenidən qurulmasına başlanıldı. “Əsrin kontrakı”nın uğurlu reallaşdırılmasına başlamaqla, Azərbaycan beynəlxalq aləmdə imicini artırdı, rəqabətqabiliyyətli ölkəyə çevrildi, regionun aparıcı ölkəsi olmaqla bərabər, həm də əsas enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, eyni zamanda maliyyə donoru oldu.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında isə Azərbaycan özünün iqtisadi inkişaf modelini qlobal çağırışlara uyğun olaraq maksimum təkmilləşdirməyə nail oldu. Ölkənin hər yerində quruculuq işlərinə başlanıldı, infrastruktur bazası gücləndirildi, şəhərlərimizin, qəsəbə və kəndlərimizin siması dəyişdi. Məcburi köçkünlər çadır şəhərciklərindən müasir və rahat yaşayış massivlərinə köçürüldü. Xalqın inamı bütün sahələrdə artmağa başladı və Qarabağın işğaldan azad olunması istiqamətində əhəmiyyətli addımlar atıldı. Milli ordunun müasirləşdirilməsi, peşəkarlığının artırılması, müdafiə sənayesinin yaradılması, ordumuzun ən yüksək texnologiyalardan ibarət silahlarla təchiz edilməsi, ordunun milli ruhunun artırılması başlıca hədəflər kimi reallaşdırılıdı.

Bütün bunlar 2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün müddətində davam edən Böyük Qarabağ Zəfərində öz sözünü dedi. Rəşadətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında düşməni diz çökdürdü, məğlubedilməzlik mifi yaradılmış erməni hərbi birləşmələrini və silahlı qüvvələrini zəlil günə saldı. Düşmənlər canlarını qurtarmaq üçün iri texnikaları, silah və sursatları ataraq siçan kimi gizlənməyə deşik axtardılar və bu da azğınlaşmış düşmənlərimizin əksəriyyətinin sonu ilə nəticələndi. Ermənistan rəhbərlərinin, siyasətçilərinin, dünyanın aparıcı ölkələrində olan diaspora nümayəndələrinin və rəhbərlərinin gecə-gündüz ulamalarına, şivən salmalarına baxmayaraq, ölkəmiz xarici dairələrin təsirindən çəkinmədi və torpaqlarımızı düşməndən azad etdi.

Qarabağ Zəfərinin tarixi əhəmiyyəti olduqca böyükdür, amma Şuşanın işğaldan azad olunması isə kifayət qədər tarixi strateji tutumu ilə təkcə Azərbaycan üçün yox, bütün türk dünyasından ötrü dəyərlidir. Şuşanın mənfur düşmən tapdağından təmizlənməsi türk dünyasının birliyinə, dirçəlişinə yeni impuls verən tarixi hadisəyə çevrildi.

Ulu öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Ölkə Prezident İlham Əliyev isə bildirib ki, “Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq”.

Bu tarixi amillər və bütün türk dünyası üçün mühüm hadisələrin baş verdiyi bir şəraitdə ölkə Prezidenti İlham Əliyev 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci ili “Şuşa ili” elan etmişdir. Sevindirici haldır ki, artıq Şuşada genişmiqyaslı bərpa və dirçəliş işləri intensiv fazaya keçməkdədir. Bir tərəfdən etibarlı infrastruktur layihələri həyata keçirilir, mədəniyyət abidələri bərpa olunur, digər tərəfdən isə Şuşalıların öz doğma yurdlarına qayıtması üçün yaşayış evləri tikilir. Bir sözlə, Şuşa inkişaf edir, tarixi və müqəddəs simasını özünə qaytarır, həm də sürətlə dirçəlməkdədir.

Əminliklə və qürurla demək olar ki, Şuşa tezliklə nəninki regionun, eləcə də dünyanın ən cəlbedici şəhərlərindən birinə çevriləcəkdir. Şuşa Azərbaycanın, Cənubi Qafqazın mədəni, eyni zamanda ictimai-siyasi həyatında strateji rol oynamaqla bərabər, həm də bütöv Türk dünyasının coğrafiyasının birləşdirilməsində, mədəni–iqtisadi əlaqələrinin gücləndirilməsində önəmli funksiyaları yerinə yetirəcək və Türk dünyasının tarixi yüksəlişinə əsaslı töhfə verəcəkdir.

Əlavə məlumatlar:

[Əliyev Şəfa Tiflis oğlu, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, Sumqayıt  Dövlət  Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü-Elmi katib. ]

 

[E-mail: shafaaliyev@gmail.com . Tel:  050 213 75 06;  018 65 4 48 72].

[Şəfa Əliyev:  https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99fa_%C6%8Fliyev]

ŞƏFA ƏLİYEV, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri,

Sumqayıt Dövlət Universitetinin professoru.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər