Hacı Zeynalabdin Tağıyev – Sumqayıt avtomobil yolu 4 zolağa genişləndirilir. Layihə çərçivəsində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən tikinti işlərinə start verilib.
Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, layihə üzrə H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-25 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndiriləcək.
Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının inşası işləri sürətlə davam etdirilir.
Yolun 8 km-lik hissəsində yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Hazırda zəruri materialdan istifadə olunmaqla, yol əsasının alt qatı hazır olan hissələrdə əsasın üst qatı inşa edilir, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının inşası da yekunlaşıb.
Hazırda yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.