Tahir Mirkişili: “Vaksinlərin qeyri-bərabər paylanması iqtisadi dirçəlişə mənfi təsir göstərə bilər”

1208

COVID-19 pandemiyası qısa müddət ərzində milyonlarla insanın həyatına təsir etdi. Virusun yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilən karantin rejimlərinin tətbiqi nəticəsində iqtisadi fəallıq aşağı düşdü. Virus daha çox ölkələrə yayıldıqca dünya iqtisadiyyatına vurulan ziyan özünü daha qabarıq şəkildə göstərdi. 2020-ci il dünya iqtisadiyyatınınciddi tənəzzül ili kimi uzun illər yadda qalacaq. Bu gün də dünya iqtisadiyyatı pandemiyanın yaratdığı çətinliklə üz-üzədir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili açıqlamasında bildirib ki, COVID-19 pandemiyasına qarşı hazırlanan peyvəndlər qlobal iqtisadiyyatın daha sürətli bərpa olunmasına kömək edəcəyi ümidini yaradıb: “Tarixən peyvəndlər on milyonlarla insanı ölümdən xilas edib, iqtisadi və digər təsirlərinin aradan qaldırlmasında önəmli rol oynayıb. Peyvəndlərin tətbiq olunmasının kütləvi ölüm hallarının qarşısının alınması ilə yanaşı iqtisadi faydalılığı da böyükdür. Bildiyiniz kimi çiçək xəstəliyinin ölüm nisbəti 30 faiz idi. 1920-ci ildə 110 nindən çox insanın həyatına təsir etdi. 1967-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı qlobal bir peyvənd proqramı həyata keçirdi və 1980-ci ilə qədər xəstəlik aradan qaldırıldı. Peyvəndlənmə prosesi 100 milyon dollara başa gəldi, lakin həm humanitar, həm də iqtisadi baxımdan buna dəyərdi. Bununla dünyadan ildə 1,35 milyard dollara qənaət edildiyi təxmin edilir.

Başqa bir nümunə. 1952-ci ildə əksəriyyəti uşaqlar olan 21 mindən çox insan polio xəstəliyinə tutuldu. Xəstəliyin ölüm göstəricisi 5-15 faiz idi və yoluxanların təqribən üçdə ikisi iflic olurdu. 1950-ci illərin ortalarında uşaq iflicinə qarşı peyvənd hazırlandı. Uşaq iflici peyvəndi üçün investisiya zamanla öz nəticəsini verdi. İqtisadi faydalılıq 60 il ərzində peyvəndə çəkilmiş xərcdən təxminən 180 milyard dollar çox idi. Əmək məhsuldarlığını da nəzərə alsaq bu faydanın daha da yüksək olduğunu görərik. 1988-ci ildən bəri 2,5 milyard uşağa polio peyvəndi tətbiq edilib. Peyvəndlənmə fəaliyyəti nəticəsində bu xəstəliyin əsas simptomu olan 18 milyon iflic hadisəsinin qarşısını alınıb. Başqa tərəfdən baxsaq bununla dünya ölkələrinin müalicə və reabilitasiya üçün xərcləyəcəyi 27 milyard dolların itirilməsinin qarşısı alınıb”.

Millət vəkili Tahir Mirkişili vurğulayıb ki, 1993-cü ildə aztəminatlı ailələrin müxtəlif xəstəliklərə qarşı peyvəndlənməsi proqramına başlandıqdan sonra ciddi nəticələr əldə olunub: “20 il ərzində 322 milyon xəstəliyin, 21 milyon xəstəxanaya mümkün yerləşdirilmə faktının və 732.000 ölümün qarşısının alındığı təxmin edilir.
Proqram çərçivəsində dünya miqyasında təqribən 295 milyard dollarlıq səhiyyə xərclərinin və təqribən 1,4 trilyon dollarlıq sosial-iqtisadi zərərin qarşısı alınıb.

Ümumiyyətlə peyvəndlər dünyada 96 milyon ömür boyu əlilliyin qarşısını alır. Nəticədə insanların həyat səviyyəsinə müsbət təsir göstərir, iqtisadiyyata vurulan zərbənin qarşısını alır. Burada söhbət kifayət qədər böyük məbləğlərdən gedir”.

Tahir Mirkişili qeyd edib ki, müasir dövrümüzdə hər birimizin həyatına təsir edən COVID-19 Pandemiyası ümumilikdə dünya ölkələrinin iqtisadiyyatına çox ciddi zərər vurdu: “Dünya miqyasında vergi ödəyicilərinə vurulan zərər 10 trilyon dollardan artıqdır.
Gəlirin azalmasına baxmayaraq anti-böhran tədbirlərinə daha çox maliyyə lazım olacaq. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə beş il ərzində dünya 28 trilyon dollar itirəcək. Pandemiya səbəbindən 2020-ci ildə 140 milyon insanın həddindən artıq yoxsulluğa düçar olduğu təxmin edilir. Pandemiyanın təsirini azaltmaq məqsədi ilə tətbiq olunan sosial məsafə məhdudiyyətlərinin təsiri nəticəsində bir çox iş yeri bağlandı. Nəticədə təxminən 250 milyon insan işsiz qaldı.

Dünyanın ən böyük iki iqtisadiyyatı olaraq ABŞ və Çin bərpa olunmağa başlasa da Şərqi Asiyada, Afrikada, Latın Amerikasında bir çox ölkələrdə iqtisadi artımın hələ də qeyri-müəyyən olduğunu görürük. Bir çox ölkələrin iqtisadi mənzərəsinin 2022 və yaxud 2023-cü ilərə qədər pandemiya öncəsi vəziyyətə çatmayacağı proqnozlaşdırılır. Vaksinasiyaya gec başlayan ölkələrdə bu müddətin daha da uzun olması gözlənilir. Eyni zamanda vaksinasiya prosesinin sürətli həyata keçirildiyi ölkələrdə iqtisadiyyatın gözləniləndən daha sürətli toparlandığını görürük”.

Vaksinlərin qeyri-bərabər paylanması məsələsinə toxunan millət vəkili onubda bildirib ki, BMT-nin hesabatına görə dünya iqtisadiyyatının bu il 5,4 faiz böyüməsi gözlənilir. Lakin buna baxmayaraq vaksinlərin qeyri-bərabər paylanması qlobal iqtisadiyyatın bərpa olunması üçün risk təşkil edir: “Ancaq COVID-19 peyvəndinin ölkələr arasında qeyri-bərabər paylanması pandemiya səbəbindən onsuz da qeyri-sabit olan qlobal iqtisadi dirçəlişə mənfi təsir göstərə bilər. Qeyri-bərabər şəkildə həyata keçirilən vaksinasiyanın dünya iqtisadiyyatına ildə 1,2 trilyon dollar zərər vuracağı gözlənilir.

Hər bir ölkənin vaksinlə bərabər təmin olunması pandemiyanın daha sürətli sona çatmasına səbəb ola bilər. Bu eyni zamanda dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün vacibdir. Yüksək gəlirli ölkələrin peyvənd millətçiliyi siyasəti inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcək. Yüksək gəlirli ölkələr qlobal peyvənd tədarükünün təxminən yarısını əldə edib. Bunlnla yanaşı, dünya əhalisinin üçdə birinin 2022-ci ilə qədər peyvənd əldə edə bilməyəcəyi düşünülür. Bu fakt həmin ölkələrin iqtisadiyyatı üçün təhlükənin hələ də davam edəcəyini göstərir. Bu ölkələr ən azından 2022-ci ilə qədər pandemiya öncəsi istehsal səviyyələrinə çata bilməyəcəklər. Dünya bu vəziyyətdən yalnız və yalnız kütləvi vaksinasiya ilə çıxa bilər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər