Tahir Mirkişili: Xankəndidə Bayrağımızın ucaldılması Azərbaycan Prezidentinin 20 illik fəaliyyətinin ən parlaq anıdır

329

Hələ 20 il əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilən İlham Əliyev Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdi ki, dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. Geriyə baxdıqda görürük ki, Prezident İlham Əliyev bütün vədləri, qarşıya qoyulan vəzifələri tam şəkildə yerinə yetirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.

Onun sözlərinə görə, hələ 2003-cü il prezident seçkilərindən əvvəl Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etmişdi. Onun xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” mesajı bu gün bizə daha aydın şəkildə çatır. Məlum olur ki, İlham Əliyev Prezident seçildiyi gündən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində yorulmadan çalışıb. Həm siyasi-diplomatik, həm də hərbi müstəvilərdə prinsipial mövqe sərgiləyən, hər hansı güzəşti yaxına buraxmayan dövlətimizin başçısı bu dönməzliyi, ardıcıllığı sonda Qələbə ilə yekunlaşdırdı. Ermənistanın keçmiş prezidentləri də etiraf edirlər ki, hətta 2003-cü ildən əvvəl İlham Əliyev Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə müdaxilə edərək məsələnin İrəvanın maraqlarına uyğun həllinə mane olub, razılaşmanın qarşısını alıb. Belə çıxır ki, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizə tarixi 2003-cü ildən yox, daha əvvəlki illərdən başlayır.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığının nəticəsi idi. Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə 44 günə ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa olundu. Dövlətimizin başçısı Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə həm də ata vəsiyyətini yerinə yetirdi. Oktyabrın 15-də Xocalıda, Əsgəranda, Xankəndidə Azərbaycanın üçrəngli Dövlət Bayrağının dalğalandırılması tariximizə qızıl hərflərlə düşəcək hadisələrdəndir. Azərbaycanın hər bir qarış torpağı bizim üçün əzizdir. Amma siyasi tariximizdə Şuşanın, Xocalının, Xankəndinin mənəvi yükü bir qədər fərqlidir. Şuşa bizim mədəniyyət beşiyimiz, Xocalı qan yaddaşımızdır. Xankəndi isə separatçıların yetişdirildiyi, körükləndiyi bir mərkəz olaraq Azərbaycan üçün son və əsas hədəflərdən idi. Biz bir neçə gün əvvəl ərazi bütövlüyünün təmin edilməsi, separatizmin məhv edilməsi baxımından son və əsas hədəfimizə çatdıq. Xankəndidə Bayraq ucaltmaqla Qələbəmizin təntənəsini qeyd etdik. Fikrimcə, Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin uğurlu nəticəsinin ən parlaq nümunəsi Şuşada, Xocalıda, Xankəndidə Azərbaycanın Dövlət Bayrağının qaldırılması idi. Əslində Azərbaycan xalqının dövlətimizin başçısından əsas istəyi, tələbi Qarabağın azadlığı idi. Torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi ləyaqətimizin, milli qürurumuzun və mənliyimizin tapdanması demək idi. Bu işğal hər kəs kimi Ali Baş Komandanı da ciddi narahat edirdi. O, zamanı, şəraiti, güclərin nisbətini və digər faktorları çox düzgün qiymətləndirərək özünün əsas tarixi missiyasını reallaşdırdı və bununla da Azərbaycan xalqının ədəbi məhəbbətini qazandı. İndi ölkədə istənilən vətəndaşa yaxınlaşıb “Prezident İlham Əliyevin 20 illik fəaliyyətini necə qiymətləndirirsiniz” sualını versək cavab birmənalı olacaq.

Tahir Mirkişili vurğulayıb ki, Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən biridir. “Prezident İlham Əliyev kökü 200 il əvvələ gedən və neçə-neçə nəslə acı talelər yaşadan bir problemi kökündən həll etdi. Doğrudan da ətrafımızda elə bir ailə, nəsil yoxdur ki, bu və ya digər formada ermənilərin işğalçılıq siyasətindən əziyyət çəkməsin. Hər kənddə, hər nəsildə şəhidlərimiz, qazilərimiz var. Hesab edirəm ki, biz bu qanlı səhifəni birdəfəlik bağlaya bilmişik. İndi qarşımızda duran əsas missiya Böyük Qayıdış və azad olunmuş ərazilərin bərpasıdır”, – deyə o əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər