TARİXİ ÇIXIŞ: BİRLİK, BƏRABƏRLİK VƏ SÜLH MESAJI

776

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il 16 iyun tarixində Azərbaycan Respublikasının Milli Məclisində etdiyi tarixi çıxışla bir daha dünyaya Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmaz olduğunu bəyan etdi. Rəcəb Tayyib Ərdoğan geniş məzmunlu və əhatəli çıxışında bir çox həqiqətləri dilə gətirdi, dünya ölkələrinə, regionda sabitliyin pozulmasında maraqlı olan qüvvələrə çox önəmli mesajlar verdi.

“Bütün dünya bilsin ki…”

Rəcəb Tayyib Ərdoğan Türkiyənin bütün imkanları ilə bu gün də, sabah da Azərbaycanın yanında olduğunu bəyan etdi. Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer aldı. Bu fikirləri dilə gətirən Türkiyə prezidenti Azərbaycanın Milli Məclisindən dünyaya səsləndi: “Bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq”.

Rəcəb Tayyib Ərdoğan Məclisdə səsləndirdiyi “Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir” fikri ilə Azərbaycan və Türkiyənin qardaşlığını çox gözəl ifadə etdi.

Türkiyə lideri Azərbaycanda olduğuna görə xoşbəxt olduğunu bildirdi: “Xoşbəxtəm, çünki Can Azərbaycandayam. Xoşbəxtəm, çünki Qarabağı azad etmiş qardaş Azərbaycanın Milli Məclisində sizlərlə birlikdəyəm. Xoşbəxtəm, çünki müstəqilliyinin otuzuncu ilinə çatan Azərbaycandayam. Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir”.

“Geridə qoyduğumuz otuz ildə kimlərin qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir”

Rəcəb Tayyib Ərdoğan geridə qoyduğumuz 30 ilə nəzər saldı, bu illər ərzində kimlərin qazanclı, kimlərin itirdiyinin yaxşı bilindiyini vurğuladı: “Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər ancaq Qarabağda yaşayan insanlardır. Böyük bir liderlik göstərərək bu Zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Liderlərinin arxası ilə Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edirəm. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm”.

“Yeni bir Qarabağ meydana gətirəcəyik”

Rəcəb Tayyib Ərdoğan Füzuli və Şuşa şəhərinə səfəri zamanı yol boyunca gördüklərini, müşahidələrini millət vəkilləri ilə bölüşdü, eyni zamanda dünyaya çatdırdı. Ermənilərin işğalçı, həm də tarmaredici hərəkətlərini işğal olunmuş torpaqlarda gördüyünü bildirdi: “Qarabağı, Azərbaycanın işğal altındakı torpaqlarını otuz il ərzində yaxıb-yıxanları, gedərkən də geridə qalan hər şeyi yandıranları görməyənlər azadlıq mübarizəsinə mane olmaq üçün səfərbər oldular. İndi gəlsinlər, Füzulini görsünlər. Gəlsinlər, Qarabağı görsünlər. Hər şey ortadadır. Dünən yol boyunca buraların halını gördük. Oraları nə hala salıblar. Buraları necə bombalayıb, yandırıb gediblər. Onlar gələrkən işğalçı, gedərkən isə tarmaredici idilər”.

Azərbaycanda akkreditasiya olunmuş səfirlərin, hərbi ateşelərin, diplomatların və beynəlxalq jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunur. İstər qardaş Türkiyə, istərsə də xarici nümayəndəliklər hər səfərdən sonra erməni vəhşilikləri ilə bağlı fikirlərini, təəssüratlarını bölüşürlər. Bütün bunlar Azərbaycanın haqlı tərəf olduğunu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırmaq üçün olduqca vacibdir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdəki real mənzərəni dünya ictimaiyyətinə çatdırılmasında Rəcəb Tayyib Ərdoğanın fikirləri, Milli Məclisdəki çıxışında xüsusilə bu məsələlərin qabardılması olduqca əhəmiyyətli idi.

Türkiyə prezidenti çıxışında vurğuladı ki, ermənilərin 30 il ərzində bu ərazilərdə həyata keçirdiyi talançılıq, dağıdıcılıq siyasəti Qarabağın kimin Vətəni olduğunu göstərmək üçün kifayətdir: “Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Amma Qarabağ onların Vətəni olmadığı üçün hər şeyi yandıraraq, dağıdaraq getdilər. Onların yandırdıqları kəndləri, dağıtdıqları şəhərləri Azərbaycan indi yenidən inşa edir və İnşallah, buraları birlikdə inşa edəcəyik və yeni bir Qarabağ meydana gətirəcəyik”.

“Bu Zəfərdən heç kim narahat olmasın”

SİTAT: “Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydalarının dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərdən heç kim narahat olmasın. Çünki bu, fəlakətin deyil, inşanın, zülmün deyil, ədalətin, kobudluğun deyil, zərifliyin, müharibənin deyil, sülhün, qanın deyil, qəlbin Zəfəridir”.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentindəki çıxışında bir daha bölgə ölkələrinə səsləndi: “Gəlin, altı ölkə bir platforma formalaşdıraq”. 

Davamlı sülhə gedən yolun bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimada əsaslanaraq inkişaf etdirəcəkləri əməkdaşlıqdan keçdiyinə inandığını vurğulayan cənab Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstandan ibarət yeni bir platformanın formalaşmasının vacibliyini qeyd etdi.

SİTAT: “Bu platforma ilə birlikdə artıq bölgədə bir sabitlik meydana gəlsin, bölgədə düşmənçiliklər ortadan qalxsın…Çünki bu bölgənin sülhə ehtiyacı var. Buna nail olmalıyıq. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz. Bu Zəfəri hər kəsin ortaq zəfərinə çevirmək bizim əlimizdədir”.

Çıxışda Qafqazda sülhün təmin olunması üçün qarşıya çıxan fürsətlərin region ölkələri tərəfindən dəyərləndirməli olduğu bildirildi. Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, bu Zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranıb: “Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişafı, rifahın yüksəlməsi, sabitliyin möhkəmlənməsi üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq”.

Beləliklə, Rəcəb Tayyib Ərdoğan Milli Məclisdəki çıxışı ilə bir daha dünyaya göstərdi ki, hər iki qardaş ölkə bundan sonra da bərabərdir, birlikdədir. Azərbaycan və Türkiyənin bir yerdə olması hər iki dövlətin gücünü, qüdrətini daha da artıracaq. Türkiyə lideri bu çıxışı ilə iki qardaş ölkə arasındakı münasibətlərə yeni üfüqlər açdı. 

Ceyhun Məmmədov, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər