Tarixi qarşılaşma – Xankəndidə Qarabağın ilk futbol matçı

502

Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi.
İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib. Bu unudulmaz hadisə Azərbaycan xalqının hədsiz sevincinə səbəb oldu. Həm də ona görə qürurvericidir ki, bu yarış şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsidir. Otuz iki ildən sonra ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak edirdilər. Dünya ictimaiyyətia də şahid oldu ki, Qarabağ Azərbaycandır!
Üç il əvvəl Vətən müharibəsində qazandığımız tarixi qələbə, üç ay əvvəl isə sentyabrın 19-20-də Qarabağda aparılan bir günlük antiterror tədbiri nəticəsində Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bu şəhərlərdə Azərbaycan bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Ermənistanın 30 illik işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Futbol matçının Xankəndidə keçirilməsinin əhəmiyyəti odur ki, bura qədim Azərbaycan diyarıdır. 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin mərkəzinə çevrilmişdi. Bu gün isə Xankəndidə, ümumiyyətlə işğaldan azad edilmiş Qarabağın bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşması zamanı udan Azərbaycan oldu. Ermənistanın baş nazirinin lovğalanaraq “Qarabağ Ermənistandır və nöqtə” dediyi bir məkanda dövlətimizin başçısının çıxış etməsi, futbol komandalarımızın oynaması, minlərlə insanın “Qarabağ Azərbaycandır” şüarı səsləndirməsi düşmənin qanını qaraltdı, kefinə soğan doğradı. Otuz il ərzində Ermənistanın siyasi rəhbərliyi, Qarabağdakı separatçılar və onlara havadarlıq edən xarici qüvvələr birləşərək Xankəndidə çirkin oyunlar oynayırdılar, Azərbaycana meydan oxuyurdular.
Biz dünən onlara bir daha göstərdik ki, Xankəndiyə eybəcər, iyrənc oyunlar yaraşmır. Xanın kəndi mədəni tədbirlərə, idman yarışlarına, beynəlxalq toplantılara ev sahibliyi etməlidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji düşüncəsi ötən gün bir daha hər kəsi təəccübləndirdi.
2023-cü il sentyabr ayının 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərini uğurla başa çatdıran Azərbaycan dünən siyasi oyunbazlığın tabutuna son mismarlarını vurdu. Artıq Xankəndi stadionunda separatçıların əski parçası deyil, üçrəngli Bayrağımız dalğalanır, Azərbaycan Respublikasının Dövlət Himni oxunur, Qarabağa aid şüarlar səsləndirilir.
“Möhtərəm Prezidentimiz Qarabağın azad olunmasını böyük tarixi hadisə adlandırdı və bu tarixın qəlbimizdə əbədi yaşayacağını bildirdi. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər. Qarabağda aparılan quruculuq işləri barəsində məlumat verən ölkə başçısı hazırda Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq və abadlıq işləri aparıldığını diqqətə çatdırdı. Xankəndi stadionunda quruculuq və abadlıq işləri cəmi iki ay ərzində aparılmış, əsaslı təmir olunmuşdur. Separatizm simvollarını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı”.
Füsunkar təbiəti olan Xankəndi 30 ilə yaxın idi ki, sanki qaranlıqda, məhbəsdə saxlanılırdı. Bu gün Xankəndi azaddır. Ölkə rəhbərliyinin yürütdüyü düzgün strategiya nəticəsində Qarabağ yenidən dirçəlir. Azərbaycan xalqı Qarabağda həyata keçirilən quruculuq-abadlıq işlərindən qürur duyur. Bütün dünya da görür ki, biz Qarabağa sülh, həyat gətirmişik. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyimiz siyasət bizim düzgün yolda olduğumuzu göstərir
Cənab Prezidentin dediyi kimi Qarabağı işğal altında olan və işğaldan azad edilən şəhərin komandası ilə o şəhəri işğaldan azad edən ordunun komandası arasında baş verən futbol matçının şahidi olduq. Bu da əslində incə düşünülmüş bir mesaj idi. Qarşıdan gələn prezident seçkiləri öncəsi də bu çox mühüm verilən bir mesajdır. Qalib xalqın qalib prezidenti bir daha xalqın arasında idi. 44 günlük müharibədə də biz bənzər situasiyalar yaşamışdıq. Ötən günkü matçda isə sadəcə bunu biz müharibənin bitməsi və ərazilərin öz sahibinə qayıtması fonunda real şahidi olduq”.

Elnur Hidayətzadə, Stolüstü tennis üzrə Sumqayıt şəhərinin baş məşqçisi, tərəqqi medallı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər