TARIXIMIZIN QAN YADDAŞI-XOCALI

3667

Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. Azərbaycan xalqı 26 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşaiyət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.

1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununlada Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Ermənilərin Xocalı şəhərini hədəfə almaqla əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki, Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür.

Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. 1992-ci il fevralın 16-da Xankəndində 366-cı alayın nəzdində “Gizli erməni cəbhəsi” deyilən bir rota yaradıldı.

Bunun da özəyini Livan, Kanada, İran, İsveç, Türkiyə və digər ölkələrin erməniləri təşkil edirdi. Fevralın 17-də qızlardan ibarət “Şuşanik” adlı snayperçilər dəstəsi cəbhəyə qoşuldu. Bu erməni qızları Livandan gəlmişdir. Gizli erməni cəbhəsinə rəhbərlik Xaçik Vartanyana tapşırılmışdı. Bu zaman 36 məhşur erməni firması başçıları “Gizli erməni cəbhəsi”nə 470 min dollar yardım etdilər. 1992-ci il yanvar ayının 23-də 366-cı alaydan 93/5 nömrəli saxta sərəncamla 194 nəfər xidmətçi tərxis olundu. Tərxis olunanlar Gürcülər, Tatarlar, Beloruslar, Türkmənlər, Qazaxlar və ləzgilərdən ibarətdir.

Onların yerini isə Erməni milliyyətindən olan xüsusi təlim görmüş üzvləri tuturdu. 1992-ci il fevralın 9-da Müdafiə Nazirliyindən 366-cı alayın komandiri general Zaviqarovun adına telefonoqram gəlir. Saat 16 radələrində alınmış bu telefonoqramda alayda xidmət edən əsgərlərə ayrı-ayrılıqda mükafat əvəzi maaş ödənilməklə yanaşı zabitlərin Rusiyanın istənilən yerində yeni mənzillə təmin ediləcəyi xəbəri verilirdi. 1992-ci il fevralın 24-də saat 21.15-də Zaviqarov zabitlər önündə belə bir çıxış edir ki, regiondakı torpaq uğrunda müharibə deyil İslamın Xristianlığa qarşı müharibəsidir.

Ermənilər 1992-ci il fevralın 25-26-na keçən gecə Rus silahlı qüvvələrinin köməyi ilə sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti cinayət-Xocalı münasibəti ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi genosiddir-soyqırımdır. Bu vəhşiləşmiş cəlladların məqsədi şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində xeyli Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı. Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: Artıq 26 ildir ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsever xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız.

Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri ermənistan kimi dövlətin belə təcavüzkarlığına qarşı tədbir görəcəklər. Dünyada qəbul olunmuş beynəlxalq konsepsiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, ermənistan respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəlmişdir. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə-Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Hörmətli Ali Baş Komandanımız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında da bildirmişdir ki: “Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi siyahısı qiymət verilməsinə onun təşkilatlarının, ideoloqların və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısına bizim insanlıq, vətəndaşlıq borcumuzdur. Digər tərəfdənsə insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunması üçün mühüm şərtdir”. O cümlədən prezident bildirmişdir ki: “Xocalıda baş verən erməni daşnaklarının xalqımıza qarşı apardığı etnik təmizləmə soyqırım siyasətinin ən qanlı səhifələrdən biri kimi qiymətləndirilir. İşğal altında olan torpaqların sülh yolu ilə azad olunması mümkün olmazsa torpaqların müharibə yolu ilə geri qaytarılması xalqımızın ayrılmaz, təbii və konstitusiya haqqıdır!”

ELMAR XƏLİLOV,

Sumqayıt Dövlət Universitetinin Dosenti,tarix üzrə fəlsəfə doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər