Texnoloji inkişaf: itirdiklərimiz və qazandıqlarımız

658

Ancaq bu texnologiyaların bəzilərinin bizə necə faydalı olduğunu bildiyimiz halda, bəzilərinin də necə zərərli olduğunu bilmək istəmirik.

 Yeni texnologiyalar içərisində, demək olar ki, hər kəsin istifadə etdiyi soyuducu, paltaryuyan maşın, qabyuyan maşın və digərləri işlərimizi asanlaşdırır. Təbii ki, əvvəllər bütün bu işlərin insan əli ilə görüldüyünü, ancaq indi bu işləri texnologiyaların görüb, bizə xeyli güc və vaxt qazandırdığını nəzərə alsaq, bunların hamısı çox gözəl bir haldır. Lakin buradan “qalan” gücünü və vaxtını faydalı işlərə sərf etmək əvəzinə, faydasız işlərlə keçirənlər, işini texnologiyaya həvalə edib, vaxtını televizor qarşısında, kompyuter arxasında və s. “öldürən”lər isə başqa bir müzakirə mövzusudur.
Gələk digər texnoloji vasitələrə. Hər şeydən əvvəl deyək ki, haqqında danışacağımız texnologiyalar, məsələn, televizor, kompyuter, telefon və digərləri, demək olar ki, kiçikdən böyüyə qədər, hər kəsə səmərəli istifadə edildiyi təqdirdə, böyük faydaları olan “olmazsa olmaz” texnologiyalarıdır.
Amma “əsrimiz texnologiya əsridir” deyib, özümüz, ailəmiz, uşaqlarımız ən son texnologiyalardan istifadə edərkən onların nə kimi faydaları olduğunu araşdırdığımız kimi, nə kimi zərərləri olduğunu da araşdırmalıyıq. Çünki ətrafımıza baxsaq, bir çox insanların bundan xəbərsiz olduğunu asanlıqla görə bilərik. Üstəlik, texnologiyanın fiziki zərərlərini bilməyən, bunların qarşısını almağa cəhd göstərməyən insanlardan isə onların mənəvi zərərləri barədə soruşmaq əbəsdir.
Maraqlıdır, görəsən, televizor, kompyuter, telefon və s. kimi texnologiyalardan istifadə edən insanlardan neçə faizi onlardan hansı məqsədlərlə istifadə edəcəklərini tam dəqiqləşdirdikdən sonra onları əldə etməyə çalışır? Yoxsa, onlar da bu texnologiyaları alarkən “hər kəsdə var, məndə də olsun” düşüncəsi ilə hərəkət etməyə üstünlük verirlər? Təəssüf ki, çoxlarımız bu texnologiyalardan nə üçün istifadə edəcəyimizi əvvəlcədən araşdırmır, hətta araşdırsaq belə, onu əldə etdikdən sonra əvvəlcədən müəyyən etdiyimiz məqsədlər üzrə istifadə etmirik.
Əlbəttə ki, mən bununla televizoru, kompyuteri və ya telefonu kəşf edənləri, onları istehsal və inkişaf etdirənləri tənqid etmirəm. Bənzətmə aparsaq, hal-hazırda bıçaq istehsal edənlər onu cinayət məqsədi ilə istehsal etmədikləri kimi, kompyuter istehsalçıları da onu insanların ədəbini, əxlaqını, vaxtını, sağlamlığını və s. itirmələri üçün istehsal etmirlər. Çünki siz bıçağı nə qədər yaxşı niyyətlə alsanız da, onu oynasın deyə uşaqlarınıza versəniz, əllərini kəsəcək, uyğun olmayan yerə qoysanız, ayağınızı yaralayacaq. Deməli, hər şeyin öz məqsədi, öz yeri olmalıdır.
Sizə elə gəlmirmi ki, uşaqlarınızı sevdiyiniz üçün, ya da onlar sizi sevsin deyə aldığınız dəbdəbəli kompyuterlər və ya dəbdəbəli telefonlar bıçaq kimi onların ağıllarını “yaralaya” bilər, qəlblərini zədələyə bilər? Uşaqların və ya gənclərin daha çox oyuna, əyləncəyə meyilli olduqlarını nəzərə alsaq, onların nəzarətsiz qalacaqları halda, bu texnologiyalardan hansı məqsədlə istifadə edəcəkləri məlumdur. Halbuki elə ilk baxışdan çox ciddi nəzarət tələb edən bu məsələdə böyük boşluqların olduğunu görmək o qədər də çətin deyil. Bu boşluqların başlıca səbəblərindən biri isə valideynlərin uşaqlarının kompyuter arxasında keçirdikləri vaxtdan, hətta onların istifadə etdikləri internet səhifələrindən xəbərsiz olmalarıdır. Halbuki günümüzdə bir çox ailələr “uşağım dizimin dibində olsun” deyəndə, həmçinin evdə darıxmasınlar deyə, televizor və kompyuter arxasında oturdanda sonunu nəzərə almırlar. Təbii ki, onlar kompyuterdə və televizorda göstərilənlərin gənclərin, xüsusilə də uşaqların təmiz beyinlərinə olduğu kimi yazıldığını və sonralar bu “yazı”ların onları istiqamətləndirdiyini də bilmək istəmirlər…
Yəqin ki, kompyuter arxasında, televizor qarşısında (və ya telefonla) vaxt keçirən gənclərdə dostluq anlayışının çox zəif olduğunu və əgər varsa, dostları ilə canlı ünsiyyət əvəzinə, rəqəmsal ünsiyyət qurmağa üstünlük verdiklərini, üstəlik, əgər varsa, oyuna olan həvəslərini kompyuterlə təmin etdiklərini və s. çox eşitmisiniz. Bu problemlər həqiqətən var və hər birimiz bu problemlərlə qarşılaşırıq. Bu deyilənləri nəzərə alsaq, bu gənclərin gələcəkdə cəmiyyət arasında özlərinə yer tapa bilməyəcəklərini və robotdan fərqlənməyəcəklərini anlamaq çox da çətin deyil. Bunlar insanlığa böyük zərbələr vuran və insanları insanlıqdan uzaqlaşdıran problemlərdir. Aşağıda bəhs edəcəyim bir hadisə isə yuxarıda bəhs etdiyim problemlərə çox ibrətli bir misaldır…
Bir neçə ay bundan əvvəl televiziya, radio və qəzetlər böyük heyrətlə xəbər yaydılar ki, Çində bir ailədə körpə uşaq aclıqdan dünyasını dəyişib. Buna səbəb isə ata və ananın saatlarla kompyuter qarşısından qalxmamaları, daha doğrusu, saatlarla kompyuterdə oyun oynamaları olub. Nə qədər dəhşətli bir hadisədir deyilmi? Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, ailələrə “Uşaqlarınızın televizordan, kompyuterdən, telefondan istifadəsinə diqqət yetirin!” deyə xəbərdarlıq etmək kifayət deyil. Çünki birisi ailəsinə kompyuteri tamamilə qadağan etdiyi halda, digəri isə saatlarla kompyuter arxasında oturmasına göz yumur. Təbii ki, bütün bu dediklərimiz bədbinlikdən irəli gəlmir və ya sizi ümidsizliyə sövq etmək niyyətimiz yoxdur. Niyyətimiz, sadəcə olaraq, müasir ailələrin texnologiya ilə bağlı problemlərini üzə çıxarmaq və bu problemlərin həlli yollarını axtarmaqdır. Ona görə də elə indidən bu problemlər barədə ciddi müzakirələr aparmağa və hətta yaxın və uzaq gələcək üçün xüsusi proqramların hazırlanmasına ciddi ehtiyac var.
“Zaman Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər