“Turan” – “Sumqayıt” oyununun sorğusu özünü doğrultdu

671

Xəbər verdiyimiz kimi, şəhərimizin Premyer-Liqadakı təmsilçisi “Sumqayıt” FK ikinci turda “Turan” klubuna qalib gəlib. Öncə oyunun təfərrüatları haqda:

Qarşılaşmada ilk real qol vəziyyətini “Sumqayıt” yaratdı. 1-ci dəqiqədə Ceyhun Sultanovun cərimə zərbəsindən qapıya ünvanladığı topda dəqiqlik çatmadı. İlk hissədə “Turan” yalnız bir dəfə hesabı açmağa yaxın oldu. 5-ci dəqiqədə Antonio Rukavinanın zərbəsindən sonra Səlahət Ağayev topu dəf etməyi bacardı.

Oyunun 9-cu dəqiqəsində Pərdis Fərcad-Azadın baş zərbəsini Mikayıl Yusifov çətinliklə küncə çıxardı.

Qarşılaşmanın 18-ci dəqiqəsində Uğur Pamukun təxminən 20 metrlik məsafədən topu qapıya ünvanlasa da, Yusifov bu dəfə də inamlı oynadı.

İlk yarımsaatın tamamında komandamız meydanda azlıqda qaldı. Uğur Pamuk 28-ci dəqiqədə Murad Ağakişiyevə qarşı təhlükəli oynadığı üçün qırmızı vərəqə ilə cəzalandırıldı.
Azlıqda qalmasına baxmayaraq, “Turan”dan üstün oyun nümayiş etdirən “Sumqayıt” 45-ci dəqiqədə daha bir real qol vəziyyətindən yararlana bilmədi. Cərimə meydançasında Pərdisin zərbəsindən sonra Tovuz klubunun müdafiəçisi Mikayıl Rəhimov topu qapı xəttinin üzərindən çıxardı.

“Sumqayıt” azlıqda oynamasına baxmayaraq, ikinci hissəyə də sürətli başladı. Debütdəcə Pərdis Fərcad-Azad qapıçı Mikayıl Yusifovla üz-üzə qalsa da, əlverişli vəziyyətdən yararlana bilmədi.

Qarşılaşmanın 58-ci dəqiqəsində “Turan”ın müdafiəçisi cərimə meydançasında əli ilə oynadı və hakim tərəddüd etmədən penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Ruslan Qurbanov hesabı açdı.
Qoldan sonra da hücumlarını davam etdirən “Sumqayıt” 65-ci dəqiqədə Pərdis Fərcad-Azadla qol vurmağa yaxın olsa da, top qapıdan azda aralı keçdi.
Oyunun sonlarına yaxın komandamız hesabı artırmaq üçün daha bir real imkandan yararlana bilmədi. Samir Abasovun baş zərbəsindən sonra top qapı tirəyinə toxunaraq meydandan çıxdı.

***

Avqustun 11-də Tovuz şəhər stadionunda baş tutan “Turan” – “Sumqayıt” oyunu öncəsi klubun rəsmi saytında oxucular arasında sorğu keçirilib. Səs vermədə iştirak edən “Sumqayıt” Futbol Klubunun fanatlarının fikirləri nəticəyə uyğun olub. Beləliklə, “Turan” – “Sumqayıt” oyunu hansı nəticə ilə başa çatacaq? sualına respondentlərin 42,3 faizi komandamızın 1:0 hesabı ilə qələbə qazanacağını qeyd edib. 123 nəfərin 52-si məhz oyunun həmin nəticə ilə başa çatacağını düşünüb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər