Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı Türkiyə mediasına Azərbaycan vəkilliyin inkişafı ilə bağlı müsahibə verib.
“61saat.com” və “marmaragazetesi.com” media orqanlarında dərc olunan məqalədə vəkil Anar Qasımlı son illə Azərbaycanda vəkilliyin inkişafı istiqamətində həyata keçirilən layihələr, görülmüş işlərdən danışıb.
Anar Qasımlı bildirib ki, hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 2135 nəfərdir. Müqayisə üçün deyək ki, 2004-cü ilin noyabr ayında, yeni Vəkillər Kollegiyası təsis olunanadək vəkillərin sayı 370 nəfər olub. Təkcə 2018-ci ildə 553 hüquqşünas Vəkillər Kollegiyasına üzv olaraq vəkil statusu alıb. Bütün bunlar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillik peşəsinin nüfuzunu yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir.
Vəkillər kollegiyasına qəbul sahəsində də mühüm islahatlar həyata keçirilib. Xüsusilə son bir neçə ildə Azərbaycanda gənc vəkillərin, xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün bütün tələblərə cavab verən vəkil bürolarının sayı üç dəfəyədək artırılıb. Hazırda universitetlərdə təhsil alan tələbələr arasında keçirilən sorğulardan da məlum olur ki, vəkillik peşəsini seçmək istəyənlərin sayı artmaqdadır.