Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb

515

Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olan 1993-cü ilin 15 iyunundan 30 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib olan, hələ sağlığında “Ümummilli Lider” statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyükhörmət və ehtiramla anır.

Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsini gücləndirmişdi. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü.Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir.Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda bir-birinə qarşı mübarizə aparıldı.

Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramları təsdiq edilmişdir. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də gələcək müstəqil Azərbaycanın bütün sahələri üçün yüksək səviyyəli milli kadrlarla, mütəxəssislər ilə təmin edilməsi idi. 70-80-ci illərdə onun təşəbbüsü və qayğısı sayəsində hər il 800-900 azərbaycanlı gənc təhsil almaq üçün SSRİ-nin ən qabaqcıl ali təhsil müəssisələrinə göndərilirdi. Müqayisə üçün bu rəqəm 1969-cu ilə qədər 34 nəfər təşkil edirdi.

Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu zəngin irs və dövlətçilik ənənələri yaşayır, müstəqil Azərbaycanımızın bu gününə və gələcəyinə xidmət edir.Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.Ulu öndərin siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezidentimiz Cənab İlham Əliyev həyata keçirdiyi məqsədyönlü tədbirlər, onun qəbul etdiyi mühüm dövlət sənədləri Azərbaycanı inamla xoşbəxt gələcəyə doğru aparır.

Bu gün – 30 il sonra əminliklə deyə bilərik ki, respublikamızın tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynayıb və zaman keçdikcə, dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə “Milli Qurtuluş Günü”nün tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaq. İllər ötsə belə Azərbaycan xalqı 15 iyun tarixini yenə də qürur və şərəf günü kimi qəbul edəcək. O tarixi bizlərə bəxş edən dahi insanı eyni sevgi, hörmət və ehtiramla xatırlayacaqdır.

Zaur Əlizadə,  Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun aparıcı məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər