Uşaqları oğurlayan manyakla bağlı rəsmi açıqlama – Video

3243

Votsap mesajlaşma sistemində 24 nömrəli məktəbin yaxınlığında cinayətkarın peyda olması ilə bağlı video və səs yazısı yayılıb.

Axar.az xəbər verir ki, videonu yayan şəxs 28 saylı məktəbin müəllimi olduğunu deyir və valideynləri diqqətli olmağa çağırır. Onun sözlərinə görə, həmin cinayətkar aşağı sinif şagirdlərini çağıraraq, ünvan soruşur. Sonra isə şagirdə “gedək, ünvanı göstər” deyərək, onu özü ilə aparır və nalayiq hərəkətlər edir.

28 saylı məktəbin müəllimi videonu polis idarəsindən gələn şəxsin təqdim etdiyini deyib:

“Polis bizdən bu videonu yaymağımızı istədi. Diqqətli olun, övladlarınıza tapşırın ki, tanımadıqları şəxslərdən uzaq olsunlar”.

***

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Publika.az-a bildirib ki, yayılan məlumatlar əsasında heç bir şikayət daxil olmayıb və bu sadəcə çaşqınlıq yaratmaq məqsədilə yayılan görüntülərdir:

“Nə Sumqayıtda, nə də paytaxtın digər ərazilərində yerləşən məktəblərdə, ümumiyyətlə, respublikanın heç bir bölgəsində, orta ümumtəhsil müəssisələrində, heç bir uşaq oğurluğu qeydə alınmayıb. Görüntülərin ictimaləşməsindən sonra videonun çəkildiyi ehtimal edilən 24 saylı orta məktəbin direktoru Sumqayıt şəhər Polis İdarəsinə dəvət olunub. Direktor izahatında rəhbəri olduğu məktəbdə bu cür halın baş vermədiyini, yayılan məlumatların şayiə olduğunu bildirib”.

O.Mansurzadə vətəndaşları ayıq-sayıq olmağa, bu cür əsassız informasiyalara inanmamağa çağırıb:

“Vətəndaşlardan qarşılaşdıqları, yaxud üzləşdikləri hər bir qanun pozuntusu, kriminal hadisə barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də aidiyyatı üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur”.

Görüntülərin çəkildiyi iddia edilən 24 saylı orta məktəbin direktoru bildirib ki, bu onların məktəbin həyəti deyil:

“4 aydan çoxdur bu məktəbin direktoruyam. Burada elə hadisələr heç vaxt baş verməyib. O görüntüləri kim yayıb , nə məqsədlə yayıb bilmirəm. Dünəndən hər kəs bizə zəng edir. Bizim məktəbdə heç bir şagird təcavüzə məruz qalmayıb. Valideynlər məsələ ilə bağlı ciddi narahatlıq keçirirlər. Uşaqlar məktəbə gəlməyə qorxur. Belə əsassız şayiələri kim yayırsa, xahiş edirik, bizə kömək edin, o şəxs tapılsın və lazımı cəzanı alsın”.

Məktəb direktorunun sözlərinə görə, görüntülərin çəkildiyi yer məktəbin hasarından xeyli aralıda yerləşir:

“Həmin görüntülərə baxmışam. Bu nə 28 nömrəli məktəbin, nə də 24 nömrəli məktəbin həyəti deyil. Heç yaxınlığı da deyil. Bizim məktəbin bir tərəfi bağçaya baxır, digər tərəfi isə hündürmərtəbəli binadı. Əraziyə gəlib baxsanız, özünüz görəcəksiz. Valideynlər çox narahatdır. 1-4-cü sinif şagirdlərinin valideynləri gəlmədən məktəbdən çölə buraxmırıq. Bu günə qədər bizim məktəbimizdə bu kimi hadisələr heç vaxt yaşanmayıb”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər