Valideynlər, diqqətli olun! - Bu amillər uşaqları məhvə aparır

1738

Uşaqların erkən dövrdən əlverişsiz və sosial dəyişikliklər şəraitində yaşaması onların fiziki və psixi sağlamlığında bir sıra problemlər yaradır. Yoxsulluq, əlverişsiz şərait, zorakılıq, valideynlərin kifayət qədər qayğı göstərməməsi və s. kimi hallar uşaq və yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərir.

AzVision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan araşdırmada qeyd edilib. Məlumatda bildirilib ki, yoxsulluq şəraitində böyüyən uşaq və yeniyetmələrin təlimə qabillik və təlimdə müvəffəqiyyət səviyyəsi aşağı olur.

“Başqa uşaqlarla müqayisədə yoxsul və uğursuz ailələrdən olan uşaqların davranışındakı pozuntular 3 dəfə çox, xroniki xəstəliklərə tutulma halları 2 dəfə çox, məktəb problemləri, hiperaktivlik və emosional pozuntular 2 dəfə çoxdur. Bundan başqa, rifah vəziyyətinin aşağı olması uşaq mühitindəki zorakılıq hallarının artmasını şərtləndirir. Belə ki, zorakılıq halları qızlar arasında 3 dəfə çox, oğlanlar arasında 5 dəfə çoxdur. Bu göstəriciləri yalnız iqtisadi mərhumiyyətlərlə izah etmək doğru olmazdı, belə ki, ağır iqtisadi şəraitdə yaşayan bir çox uşaqlar təlim müvəffəqiyyəti qazana bilirlər. Bununla yanaşı, bərabərsizlik, köməksizlik və nəzarətsizlik dərəcəsi nə qədər yüksəkdirsə, uşaqların fiziki və psixi sağlamlığı da bir o qədər çox pozulur”.

Məlumatda bildirilib ki, uşaqlara göstərilən qayğının kifayət dərəcədə olmaması və onlara qəddar münasibət göstərilməsi dünya səviyyəsində epidemiya xarakteri almağa başlayıb. “Bir çox ölkələrdə uşaqların heç bir qayğı görməməsi halları kimi qeydə alınan milyonlarla faktlar var. Qeydiyyata düşməyən hallar, “təsadüfi zədə” adı ilə daxil olan məlumatlardır ki, bu da uşaq və yeniyetmələrin valideynlər və bacı-qardaşları tərəfindən məruz qaldıqları amansız rəftarın nəticəsidir. Bundan əlavə, 10-16 yaşlı uşaq və yeniyetmələr arasında aparılan telefon sorğularının nəticəsi göstərir ki, onlardan 1/3-i, bu yaş dövründə ailə üzvləri, qonşular və ya digər halda məktəblə əlaqəli şəxslər tərəfindən fiziki və ya seksual zorakılığa məruz qalırlar. Təəccüblü deyil ki, neqativ münasibətə məruz qalan uşaqların əksəriyyəti məktəbə və yaşıdlarına uyğunlaşa, münasibətlərdə yaranan çətinlikləri aradan qaldıra bilmirlər”.

Komitənin apardığı araşdırmaya əsasən uşaq və yeniyetmələrin psixi sağlamlığı ailənin şəraitindən və həyat tərzindən, tərbiyədən, genetik xüsusiyyətlər və səhiyyə müəssisələrinin fəaliyyətindən asılıdır. “Psixi sağlamlıqdan sapmalar daha çox ailədaxili münasibətlərdə disharmoniyadan irəli gəlir. Valideynlər arasındakı münaqişələr uşaq tərəfindən həyəcanlı hadisə, təhlükəli situasiya kimi qəbul olunur. Bu cür konfliktlər uşaqlarda daimi narahatçılıq hissi, özünə inamsızlıq, emosional gərginlik yaradır.

Böyüklər uşaqları ailədaxili münasibətlərə və konfliktlərə alət edəndə boşanma prosesi daha da uzanır. Belə hallarda valideynlər bir-birilərinə müsbət hisslər bəsləmədən sadəcə birgə yaşayırlar. Uşaqlar bu situasiyaları müşahidə edir və atanın və ya ananın tərəfini tutmaq məcburiyyətində qalırlar. Buna görə də valideynlər biri digərini uşağın gözündə pis qələmə verəndə, uşağın digər valideyni mühakimə etməsinə nail olmağa çalışanda uşaq psixikası üçün dözülməz situasiya yaranır. Belə ki, uşaq-valideyn münasibətlərində ahəngsizlik müşahidə olunan ailələrdə uşağın emosional baxımından itələnməsi – qəbul edilməməsi, kəskin, nəzarətedici tədbirlərin görülməsi, valideynin təqdir etdiyi “yaxşı uşaq” davranış tipinin təlqin olunması, hiperhimayə, etinasızlıq, özbaşınalıq, nəzarətin olmaması, qayğının, daimi, yaxın ünsiyyətin olmaması halları bu və ya digər dərəcədə müşahidə edilir.

Bu kimi hallar uşaq və yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərir. Uşaq və yeniyetmələrin psixi sağlamlığının pozulması intihar hallarına, psixoaktiv maddələrdən istifadəyə, zorakılığa, cinayətkarlığa, müstəqil yaşamaq vərdişlərinin olmamasına, sosial dezadaptasiyaya, şəxsiyyətin deqradasiyasına gətirib çıxarır. Bu cür mənfi halların aradan qaldırılması və ya önlənməsi üçün uşaqların psixi sağlamlığına təsir göstərən amillərin əsaslı şəkildə öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Bu zaman uşaq və yeniyetmələrin yaş xüsusiyyətləri nəzərə alınmalı, həm ailə, həmyaşıdlar, həm də məktəb mühitindəki münasibətlər sistemi araşdırılmalıdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər