İki Vətən müharibəsi iştirakçısı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.
“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş Səid Abasov Agentliyin Bakı şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib.
İşlə təmin edilmiş digər Vətən müharibəsi iştirakçısı isə Xəyal Məmmədzadədir. Vətən müharibəsində Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş X.Məmmədzadə Agentliyin Sumqayıt şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib.
KOBİA Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu”na qoşulub, sahibkarlıq subyektlərinin də bu xeyirxah təşəbbüsdə iştirak etməsi üçün çağırış edib.