VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından üç il ötür

562

Martın 10-da VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından üç il ötür.

2018-ci ilin aprel ayında xalqımız Prezident İlham Əliyevi yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçdikdən sonra ölkəmiz üçün yeni inkişaf mərhələsi başlandı. Ölkəmizdə aparılan islahatlar Milli Məclisin yeni dövrün tələblərinə uyğun formalaşdırılması ilə yekunlaşdı.

Altıncı çağırış Milli Məclisin ilk iclasında dövlət başçısının bəyan etdiyi kimi, islahatların dərinləşdirilməsi təbii ki, parlamentdən də yan keçə bilməzdi. “Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir”, – deyə Prezident İlham Əliyev anunvericilik sahəsində deputatların üzərinə böyük vəzifələr düşdüyünü qeyd edərək, keyfiyyətə diqqətin artırılmasını tövsiyə etdi.

Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.

Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacağını vurğulayan dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.

Yeni formalaşan parlamentdə isə Yeni Azərbaycan Partiyasının üstün çoxluğuna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyəsi ilə digər partiyaların nümayəndələri Milli Məclisin sədarətində və komitələrin rəhbərliyində təmsil olunmağa başladılar. Sözsüz ki, bu addlm çoxpartiyalı siyasi sistemin güclənməsində və demokratiyanın inkişafında mühüm addım oldu.

Prezident İlham Əliyev 10 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında bir sıra mühüm məqamlara toxunmuş, gözləntilərini bəyan etmişdi. Prezident İlham Əliyevin toxunduğu mühüm məqamlara diqqət edək:

  • Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər;
  • Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır;
  • Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar;
  • Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır;
  • Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir;
  • İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir.

Prezident İlham Əliyevin çıxışı proqram xarakteri daşıyırdı. Ötən dövr ərzində bu istiqamətlərdə önəmli addımlar atıldı.

İstər pandemiya dövründə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə Milli Məclis öz missiyasını uğurla yerinə yetirdi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olundu.

Beləliklə, Milli Məclis ötən dövr ərzində ölkədə aparılan islahatların çağırışlarıma cavab verən və ona təkan verən ali qanunverici orqan kimi özünü təsdiqlədi.

Emin Əliyev, 
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər