Xankəndi şəhərindəki parad Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi

712

Bu tarixi qələbə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən şərəflə davam etdirilən böyük siyasətin məntiqi nəticəsidir.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi xalqımızın tarixinin ən parlaq səhifəsidir. Bu tarixi qələbə Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasətin məntiqi nəticəsidir. Bu ilin sentyabr ayında 24 saatdan da az çəkmiş peşəkar antiterror tədbirləri Qarabağda separatçıların son qalıqlarını məhv etdi. Bununla da bütün ərazilərimizdə Azərbaycan Respublikasının konstitusiya quruluşu, suveren hüquqlarımız bərpa edildi.

Oktyabrın 15-də Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycanın Dövlət Bayrağını ucaltması tarixi Zəfərimizin zirvə nöqtəsi oldu.

Noyabrın 8-də Azərbaycanın dilbər guşəsi olan Xankəndində keçirilən hərbi parad dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi.Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Vətən müharibəsində qazanılan Qələbənin üçüncü ildönümünə həsr olunmuş həmin paradda iştirak etməsi onun qalib sərkərdə, qətiyyətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya göstərdi.

Ötən 20 ildə Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət sayəsində onun verdiyi vədləri layiqincə yerinə yetirdiyinin şahidi olmuşuq. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cari ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında 20 il öncə verdiyi sözü xatırladaraq dedi: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”.

Bəli, həmin gün gəldi. Artıq işğal altında olan torpaqlarımız düşməndən azad edilib. Təkzibolunmaz bir fakt öz təsdiqini tapıb: sözü ilə əməli vəhdət təşkil edən qətiyyətli Prezidentdir.

Müzəffər Ali Baş Komandan hərbi paraddakı çıxışında böyük qürurla qeyd etdi ki, Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan birdəfəlik qovdu. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Əfsanəvi Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti heç zaman unudulmayacaq qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edən Azərbaycan əsgər və zabiti misli görünməmiş qəhrəmanlıq nümunəsi göstərdi.

Xankəndi şəhərində Müzəffər Ali Baş Komandan tərəfindən verilən mesajlar aydın idi: Ermənistan rəhbərliyi dərk etməlidir ki, revanşist mövqeyindən birdəfəlik əl çəkməlidir. Sülh müqaviləsini imzalamalı və sülhə heç bir maneə olmamalıdır. Əks halda, dövlətimizin başçısının təbirincə desək “dəmir yumruq” yerindədir.

Prezidentin çıxışından sitat: “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz”.

Dövlətimizin başçısının Xankəndi paradında çıxışı, verdiyi bəyanatlar bizə bir daha qələbə və yenilməzlik qüruru yaratdı.

Samir Şəfiyev, Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər