Xankəndində bayrağımızın qaldırılması Ali Baş Komandanımızın müdrik siyasətinin məntiqi nəticəsidir

600

Oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızı qaldırdı. Bu tarixi hadisə ölkəmizin bütün ərazilərində yüksək qürur və iftixar hissləri ilə qarşılanır. Çünki bu, suverenliyimizin bərpasının təntənəsidir.

Dövlət başçısı prezidentlik fəaliyyətinin 20-ci ildönümündə üçrəngli Dövlət Bayrağımızı Xankəndində qaldırılması və xalqa müraciəti Azərbaycan və dünya tarixində şərəfli missiyanın uğurla yerinə yetirilməsinə sübutdur.

Xankəndinin əsas meydanından xalqa müraciət edən Prezident İlham Əliyev ilk gündən xalqa verdiyi sözü yerinə yetirmək üçün xalqı səfərbər edərək gecə-gündüz necə çalışdığını belə ifadə etdi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Prezident vurğuladı ki, Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Ulu öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.

Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.

Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.

Prezident İlham Əliyev Xankəndindəki çıxışı zamanı bildirdi ki, qondarma respublikasının rəhbərliyində olanların bəziləri indi Bakıdadır: “Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik”.

Dövlətimizin başçısı bəyan etdi ki, Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər.

Öz sözünü və mövqeyini diktə etməyi bacaran dövlətimizin başçısı, xalqının və dövlətinin sevilən prezidenti kimi adını tariximizin və dünya tarixinin səhifələrinə qızıl hərflərlə yazdırdı. O, bu böyük qələbəsi ilə Prezident kimi xalqının xoşbəxt gələcəyinin qarantı olduğunu sübut etdi. Bu misilsiz parlaq Qələbə ilə Ali Baş Komandan nəinki rüsvayçı qonşularımızı – erməniləri və Ermənistanı məğlub etdi, həm də düşmənlərimizin havadarlarını da məğlub etdi.

Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər