Xanlar Xoca
xanlarxoca@gmail.com
Mən biləni Azərbaycanda indiyədək kitab mükafatı olmamışdı və Milli Kitab Mükafatı bu sahədə ilkimizdir. İndi isə artıq Milli Kitab Mükafatının “onluğu”na düşənlər məlum oldu. MKM-ın təşəbbüskarlarından Nigar Köçərli qalib olmaq üçün zəng etdirmək və ya rüşvət təklif etmək istəyənlərə mətbuat vasitəsilə sərt mesaj yollayandan sonra bəziləri yarınmaq yolu tutmuş, “pulun yoxdursa, şirin dilin olsun” taktikasını seçmişdilər. Mütəllibovun prezident seçkisinə tətbiq etdiyi yaş senzi kimi bəziləri “filankəs yaşlıdır”, “onun hər şeyi var, nəyi əskikdir” kimi mənasız iddialarla rəqibini gözdən və həvəsdən salmağa çalışırdılar. Başa düşmək olmur bunlar kitab, ədəbiyyat deyəndə nə başa düşürlər. Yazıçının gənci, qocası olmaz ki. Yazıçının yaxşısı, pisi də olmaz. Ya yazıçı olar, ya da yazıçı adına yamaq.Yazıçı mükafat üçün yazmır axı. Əsl yazıçı, şair üçün mükafat oxucu sevgisidir. Ədəbiyyat tarixi bilicilərinə məndən də yaxşı məlumdur ki, tarixdə yazdıqlarını heç yanda çap etdirməyən və yalnız ölümündən sonra məşhurlaşan yazıçılar da olub. Əslədəbiyyat adamı öz vicdanı naminə yazmalıdır, mükafat naminə yox. Amma bir halda ki, yazdığına görə mükafat da verirlərsə daha bir-birini qırmaq, təhqir etmək yox, səbrlə nəticələri gözləmək lazımdır. Daha bu xalqın yazıçısı da uşaq kimi səbirsizlik nümayiş etdirəcəksə körpələrdən nə gözləyək? Digər narahat doğuran məqam isə uşaq ədəbiyyatı ilə bağlıdır. Bu gün Azərbaycan ədəbiyyatında ancaq sevgi, ayrılıq, çılpaq səhnələrin bayağı təsviri üstünlük təşkil edir. Bir nəfər yoxdur ki, uşaq ədəbiyyatına aid nəsə yazsın, nə təmsil yazan var, nə nağıl. Povest yazana da nadir hallarda rast gəlmək olur, onda da bir çox hallarda adam oxuduğuna peşmançılıq çəkməkdən başqa nəsə qazanmır. Müsabiqəyə təqdim edilən əsərlər arasında uşaq ədəbiyyatına aid bir yazıya da rast gəlmək mümkün deyil. Məgər uşaqlar oxucu sayılmır? Uşaq üçün yaza bilməyən böyük üçün nə yazacaq ki? Böyük yazıçı olmaq istəyən gərək əvvəlcə uşaqlar üçün nəsə yaza bilsin, çünki uşaq daha tələbkar oxucudur, həm də uşaq yalan danışmağı sevmir, bəzi tənqidçilər kimi nəyinsə xatirinə hansısa cəfəngiyyata “ədəbi hadisə” donu geyindirmir. Bu saat hamı roman yazır, romanın nə olduğunu bilən də , bilməyən də. Sonra da elə yekə-yekə “mən roman yazmışam” deyirlər ki, adam mat qalır. Təsəvvür edin ki, İsmayıl Şıxlı, Fərman Kərimzadə, Əzizə Cəfərzadə də roman yazıb, indi hansısa cüvəllağı da. Belə yerdə deyiblər ki, “Kərəmi burda ağlamaq tutur”.
Yazıçı əsər yazar, nəzəriyyəçi də araşdırar görək kim nəyin banisidir. Amma indi eləsi tapılır ki, həm qeybətcil arvadlar kimi ağzına gələni yazır, həm də nəzəriyyəçi alim kimi deyir ki, “vəssalam mən filan janrın banisiyəm”. Halbuki hələ ədəbiyyatda yenicə iməkləməyə başlayıb. Məgər Nəcəf bəy Vəzirov dramaturgiyada tarixi faciə janrında ilk əsəri yazanda “mən tarixi faciənin banisiyəm” deyib camaatın qulağını, gözünü yağır eləmişdi? Hansı peşənin sahibi olmasından asılı olmayaraq insan bir az təvazökar olsa yaxşıdır. Bəzi üzdəniraq müğənnilər kimi özünü ha tərflə, hamı bilir də sən kimsən. Nə qədər “mən dahi yazıçı, şair, publisist, dramaturqam, əsərim belə gözəldir, belə idealdır” desən də oxucu sevmirsə sevməyəcək.
Ölkədə bu qədər dəyərsiz romanlara imza atanlar cəfəngiyyat yazmaqdansa uşaqlar üçün topa, pişiyə, xoruza aid bir hekayədən, şerdən yazsaydılar bəlkə də daha çox sevilərdilər. Amma görünür indiki yazıçılıq və şairlik iddiasında olanlar ayrı sevdadadırlar. Əksəriyyəti ev, maşın, təqaüd həsrətindədir, təqaüd alanların isə çoxu daha da ruhlanmaqdansa əksinə özlərini yaradıcılıqdan elə təcrid edirlər ki, sanki təqaüdü bunlara “al bu pulu təki yazma” deyə verirlər. Halbuki yaradıcı adam daim axtarışda olmalı, hər bir insana yeni bir obraz kimi baxmalı, mənfi və müsbət tərəflərini görməyə çalışmalıdır. Nə qədər sevgidən yazmaq olar axı. Məgər bu dünyada başqa mövzular yoxdurmu? Ədəbiyyatda öz yerini tapa bilməyən xırda adamlar gözləyirlər ki, Anar bir əsər yazsın, bunlar da sonra ona oxşar nəsə cızmaqara eləsinlər.
Ay “yazıçılar”, axı belə ədəbiyyat yaratmaq olmaz. Vallah heyfdir o kağız, oxucuya yazığınız gəlmirsə heç olmasa o kağızı ölkəyə gətirənlərin əməyini zay eləməyin. Yaza bilirsiz yazın, yaza bilmirsinizsə gedin bir sənət öyrənin. Əgər istedadınız yoxdursa atın da bu yazmağın daşını. Bir türk cizgi filminin qəhrəmanı kimi güzgünün qarşısında durub nə qədər “en gözel benim”, “en şirin benim” desəniz də özünüz deyib özünüz eşidəcəksiz. Kim bu oxucu tərifi eşitmək istəyirsə səmimi yazmalıdır, öz hisslərini gizlədib qonşunun hisslərini yazmaqla rəğbət qazanmaq mümkün olan iş deyil. Həyat özü bir romandır. Bu romanı hamı yaşayır, amma hamı yaza bilmir. Bizim mükafatdan, fəxri ad, ev və digər asılılıq gətirən maddiyatdan ötrü sinov gedən bəzi üzdəniraq yamaq “yazıçılar” kimi…
YAZARIN DİGƏR YAZILARI
Rza & Günel dastanı, yoxsa rəzalət?
“Demokrat” bolşeviklər
Bizim “bakirə” müğənnilər
Kal gavalı
Telebasabas
Əyri güzgülər ölkəsi
Sevgililər günü
Ad günü
www.sumqayitxeber.com