Yaşamağı bacaraq

1203

Nə gözəl demiş Hz.Əli: “Elə yaşa ki, saçın ağ olanda, üzün də ağ olsun”. Necə yaşayaq?! Elə yaşayaq ki, Allah bizi saçı ağ, üzü qaralardan etməsin. Hər zamanbelə yaşamağı bacaraq.

Biz çox çətin dövrləri yaşayırıq. Hər birimiz harada olmağımızdan, kim olmağımızdan asılı olmayaraq Azərbaycanlı nümunəsi göstərməliyik; bu xalq üçün, bu millət üçün, bu dövlət üçün vicdanla, namusla, məsuliyyətlə işləyib yaşamağı bacarmalı, hətta Vətən uğrunda ölməyə hazır olmalıyıq. Haqq yolunda fədakarlıqla, ədalətlə yaşayaq. Azərbaycan xalqının fəxri, nur üzlü, igid generalımız Polad Həşimov nümunəsi göstərək. Çünki Azərbaycan Polad Həşimov kimi möcüzəli qəhrəman oğulların yurdudur; oyanış simvoludur bu halal Vətən oğlu. Polad Həşimovun və Tovuzda həlak olmuş bir çox əsgər və zabitlərimizin şəhidliyi milləti yuxudan oyatdı, özünə qaytardı. Polad Həşimova olan xalq sevgisi gəncləri qələbəyə apardı.

27 sentyabr, 2020-ci il – haqq savaşının başlanğıc günü, qanın odlu silahlara qələbə çaldığı bir zamanın ilk günü, şərəfli bir gün, azadlığa aparan, həsrətlərə son qoyan 44 günlük müharibəyə istiqamət götürən bir gün, igid oğullarımızın qəhrəmanlığını, qeyrətini və ləyaqətini təsdiqləyən bir zaman.

Artıq 1 il keçdi. Bəlkə də çoxları bu gün mənimlə eyni hissləri keçirir. Nə tez keçdi 1 il … . Kim bəxş etdi bizə bu sevincli günləri?! Yaxşı ki, bu ölkənin azadlıq aşiqləri, pələng kimi, şir kimi kişiləri var; dar gündə qəlbi küskün, allı-güllü, ağlar Qarabağa həyan oldular, mərdlik göstərdilər, torpaqdan güc aldılar; “Cılızlaşıb kişilər, daha Vətən üçün öldürən, ölən oğullar yoxdur” deyən nadanlara göz dağı verdilər, öz qanları ilə tarixi şücaət yazdılar və sübut etdilər ki, kişilik nümayiş etdirmək kafelərdə, restoranlarda, barlarda deyil, odun, alovun içindədir. Axı, nadan nə bilir Vətən eşqi nə deməkdir?! Onun üçün hər yer Vətəndir.

“Telefon xəstəsi” adlandırılan 18-25 yaşlı bu “balaca kişilər” səngər arxasında sərt qayalara döndülər, biraz bundan qabaq sevgilərlə dolmuş qəlblərindən gələn şirin sözlərlə SMS yazan incə barmaqlar dəmir parçasına çevrilib polad yumruqda birləşdi, düşmənə haqq yolunu göstərdilər: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Kimisinin oğlu, kimisinin həyat yoldaşı, kimisinin atası, dostu, qardaşı, …  ürəklə, könüllü olaraq getdilər. Elə getdilər ki, dönüşlərinə hamımız ağladıq; yerlər, göylər ağladı.

Bilmirəm qisas idimi bu, yoxsa torpaq həsrəti?! … Ana torpaq nalə çəkərək öz igid balalarını ağuşuna alıb “qırmızı qan yağışını” həsrətlə canına hopduraraq cənnət qoxusundan iyləyib onlara lay-lay çaldı.

Hər kəsə bəyandır bu ki həmişə

Şəhiddən cənnətin qoxusu gəlib.

Bu Vətən nə gözəl lay lay deyib ki,

Bu qədər igidin yuxusu gəlib.

 

Məkanınız cənnət olsun, nur üzlü şəhidlərimiz! Demə siz cənnətə tələsirmişsiz. Sizin şəhadətiniz İmam Hüseyn şəhadətidir. Ömrünüz az da olsa siz qeyrətlə, namusla yaşamağı bacardınız, əbədiyyata qovuşdunuz. Bu bir il ərzində dövlətimiz, xalqımız sizi bir an da unutmadı, unutmayacaq da. Çünki siz qəlblərdə sevilə-sevilə yaşayacaqsınız. Baş əyirəm qarşınızda halal ailələrin ləyaqətli balaları! Ruhunuz şad olsun!

Bütün Azərbaycan xalqına, xüsusilə şəhid ailələrinin hər bir üzvünə başsağlığı verib deyirəm: “Vətən sağ olsun”. Allah sizlərə can sağlığı və Həzrəti Zeynəb səbri versin. Şəhidlərimiz ali, uca məqama yüksəliblər. Bu müqəddəs adı qazanan igidlərimiz və onların zəhmətkeş, qürurlu və üzü ağ valideynlərinin haqqı necə ödəniləcək?!

Haqqınız heç zaman ödənməz

Şəhidlər ölməz, Vətən bölünməz.

 Şəhidlərimiz, qazilərimiz və müharibədə iştirak edən hər bir hərbçimiz başımızın tacıdır. Həmişə onları yad edək, unutqanlıq, biganəlik, soyuqqanlılıq böyük bəladır. Böyük Azərbaycan şairi mərhum Bəxtiyar Vahabzadə bunu gözəl ifadə etmişdir:

Ən böyük xəyanət soyuqqanlılıq

Ən böyük cinayət biganəlikdir.

Anım günündə şəhid İzzət Həmidovun anası Vəfa xanımın da arzusu budur, “Nə olar, şəhidlərimizi unutmayın, şəhid ailələrini unutmayın, bilin ki, şəhid anaları qəmlidirlər, yaralıdırlar, unutmayın bizləri”. Ürəyinizin yanğısına, səmimiyyətinizə, gözlərinizdən axan acı göz yaşlarına qurban, Vəfa xanım. Ağlamayın! Dövlətimizə, xalqımızın mərhəmətinə inanın! Allaha güvənin, Allaha sığının! Allah insanın özü özünü dərk etməsidir, özünü görməsidir.

Deyirlər ki, şəhidlər vurulanda deyil, unudulanda ölürlər. Yaşadaq onları, yaşatmağı bacaraq. Çünki onlar xalqımıza sevinc, azadlıq bəxş ediblər. Heç vaxt onlara “yazıq” deməyək, şəhadətə ucalmaq yazıqlıq deyil.

Şəhadətlik gənc nəsil üçün örnəkdir; qürurumuz, fəxrimizdir. Şəhid ailələri də belə düşünür; sosial şəbəkələrdə anım günü verilən bir neçə görüntü məni çox təsirləndirdi, həm də qürurlandım.

Şəhid 18 yaşlı Rzayev Tərlanın anası deyir: “Özümüzlə fəxr edirəm ki, ləyaqətli övlad yetişdirmişik. Tərlan indi hamının balasıdır, təkcə mənim balam deyil. Oğlumun şəhid olduğu torpağı qucaqlamaq istəyirəm”. İnşallah, Gülnarə xanım. O torpaqlardan indi cənnət qoxusu gəlir; çünki sizin dediyiniz kimi bir il keçməsinə baxmayaraq hələ də o torpaqlardan şəhidlərimizin ətirli qan qoxusu gəlir.

Öz sevgisi ilə bərabər arzularını da cənnətə aparan18 yaşlı Xələfli Mahir Muxtar oğlu “kişi vətəninə xidmət edər” deyərək ailəsinə təsəlli verib getdi, üç rəngli bayrağa bürünərək geri qayıtdı. “Elə bilirəm ki, balamın ətrini həmişə hiss edirəm. Onu doyunca iylədim, gül iyi gəlirdi balamdan” deyən ana qürur hissi keçirir, “Vətən sağ olsun” deyən ata isə bala dərdinin necə ağır olduğunu qəbul etsə də, vətənə sevgisini üstün tutur.

Üçgünlük ailəsini tərk edərək, “Vətən məni gözləyir” deyən Elməddinin sevgilisi onu təsdiqləyərək, “sən hər zaman mənim qəlbimdə təzə bəyim olaraq qalacaqsan, gül qoxulu, cənnət ətirli sevgilim” ifadəsilə Azərbaycan xanımının necə sadiq, fədakar olduğunu əks etdirir. Can qızım, nə qədər iradəli, nə qədər etibarlısan, halal olsun sənə və səni böyüdüb tərbiyə edənə.

Şəhid Həsənağa Abdullazadənin valideyni Şakir ata tək övladının şəhidliyini qəbul etmək istəmirdi; “Sən məni övladsız qoyduğun üçün sənə halal etmirəm” deyən ata hər gün oğlunun məzarı üzərində fəryad edirdi. İndi isə Şakir ata, şükür, Allaha sığınaraq təsəlli tapıb. “Qismətim bu imiş. Həsənağa torpağı bizdən üstün tutub Allahın dərgahına pənah apardı, mən də “Allaha şükür” deyib onun gələcəyi üçün yığdığım pula məscid tikdirirəm”. Şükür, Şakir ata, bax, budur halal zəhmət, halal yaşamaq budur. Belə yaşamağı bacaraq. Nəfsimizə sahib duraq. Kimisə incitməzdən öncə hiss edək, çünki əgər sən özün hiss edirsənsə varsan, başqalarını hiss edirsənsə, deməli adamsan, adam.

Polad Həşimovun anası Səmayə xanımın Şusada müqəddəs bayrağımızın altında əsgər və zabitlərə xeyir-dua verməsi bir daha sübut etdi ki, qəhrəmanlar ölmürlər, yaşayırlar və yaşadırlar. Şuşada qələbə bayrağını qaldırmaq Poladın arzusu idi, Səmayə ana onun arzusunu nisbətən yerinə yetirdi; igid generalımızın adı ilə çıxış etdi: “Balalarım, siz Azərbaycanın onurğa sütunusunuz, hamınıza can sağlığı arzulayıram. Polad Həşimovun arzularını siz qəhrəmanlar yerinə yetirdiniz. Qəhrəman qəhrəman yetişdirər; Qartal yuvasından qartal uçar. Sizinlə fəxr edirəm”. Bəli Səmayə ana, Polad haqqın ən uca zirvəsindən sizə qulaq asırdı. Biz də sizinlə fəxr edirik, şəhid anası, sizin balalarınıza verdiyiniz tərbiyənin gücündən, aliliyindən qürurlanırıq.

Bir il keçdi. Vətən müharibəsi zamanı Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itgin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq onların şərəfinə çox işlər görüldü. Onlar unudulmadı. İllər keçəcək, bu müqəddəs balaların yaşlarının üstünə yaş gələcək və onlar qəlblərdə yaşayaraq qocalacaqlar və hər dəqiqə ruhları bizə pıçıldayacaq: Yaşamağı bacarın, biz Vətənin bütövlüyünü sizə əmanət etmişik.

Böyük ingiltərə dramaturqu Şekspir demişdir: “Ölməzdən öncə yaşayın”. Halal yaşamağı bacaraq. Heç kimdən heç nə gözləmədən yaşayaq. Bir-birimizə biganə olmayaq, amandır. Namusla, ədalətlə yaşayaq, yaşamağı bacaraq. Ya Rəbbim, hifz eylə bizi, nahaqqı haqq divanına çək! Ürəklərimizi pis niyyətlərdən qoru, çünki o ürəklərdə şəhidlərimiz yaşayır, onlar pakdır, onların yeri müqəddəsdir. Yaşadaq onları, onların ailələrinə qarşı biganə olmayaq, dəmir yumruğun boşalmasına şərait yaratmayaq, yaxşılardan olaq. Yaxşılar çox olanda dövlət də, rəhbər də rəmzi olur.

Xalqımıza Allahdan güc, qüvvə və möhkəm səbr arzulayıram.

Mən ürəyimdəkilərdən biraz ifadə etdim, oxuyun, göz haqqınızı halal edin.

Hüseynova Bağdagül, 34 saylı məktəbin sabiq ingilis dili müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Gülnar
    Oktyabr 6, 2021 - 13:28

    Çox gözəl məqalədir. Çox təsirləndim. Təşəkkür edirəm

  • Gülnar
    Oktyabr 6, 2021 - 13:28

    Çox gözəl məqalədir. Təşəkkür edirəm

  • Anar Ələkbərov
    Oktyabr 6, 2021 - 13:45

    Yüksək insani keyfiyyıətlərlə bizlərə daim nümünə olmuş, unudulmaz müəllimə, unudulmaz insan, ikinci anam Bağdagül müəllimə, bu möhtəşəm yazı üçün Sizə dərin minnətdarlığımı bidlirirəm. Sizin kimi müəllimələr olduğu müddətcə, Polad kimi qəhrəmanlar da daim var olacaqdır. QARABAĞ AZƏRBAYCANDIR.

  • Mübariz
    Oktyabr 7, 2021 - 10:47

    Allah elminizə bərəkət versin Bağdagül müəllimə.Allah bütün şəhidlərimizə rəhmət eləsin,ailələrinə səbr diləyirəm

  • Amalya
    Oktyabr 7, 2021 - 13:56

    Ürəyinizə sağlıq.Nə gözəl yazmısınız.Bütün şəhidlərin haqqı ödənməz.ömrümüzün sonuna qədər borcluyuq.

  • Elmira
    Oktyabr 7, 2021 - 19:28

    Məqaləni oxudum. Çox təsirləndim, çünki mən özüm də qazı anasıyam. Baxın bugün şəhid ailələrinə, qazilərə yetərincə dəyər verilirmi? Onlar 44 günlük müharibə şəraitində tarix yazdılar. Niyə müharibə qurtardıqdan sonra onlar yaddan çıxır, yetərincə qiymət verilmir? Canın qoyan şəhid və qazilər, torpağı hasara çəkən isə məmurlar. Niyə?Mən çox isterdim ki torpağı qoruyanlara yetərincə dəyər verilsin !

  • Lamiyə
    Oktyabr 8, 2021 - 08:09

    Allah rəhmət etsin,dərin hüznlə anırıq qardaşlarımızı,atalarımızı,oğullarımızı,cənnət qoxulu ŞƏHİDLƏRİMİZİN hamısını.Heç bir söz,cümlə təsəlli olmaz Sənə-ŞƏHİD Xanımı,Şəhid Anası,Şəhid Bacısı,ŞƏHİD Qızı…
    Hamımızın qürur yerimiz,fəxrimiz oldular…

  • Nuwabe
    Oktyabr 10, 2021 - 14:06

    Menim sevimli,deyerli,xalqina can yandiran,qaygikew Bagdagul muellimem!Meqalenizde urek yanginizi ve eyni zamanda qurur,fexr hissinizi o qeder gozel qeyd etmisiz ki,tesirlenmemek elde deyil.Allah Wehidlerimize rehmet elesin!Qazilerimizi tezlikle saqliqlarina qovuwdursun!O gul qoxulu wehid balalarin buraxdigi bowlugu heckes doldura bilmeyecek.Onlari ve bizim ucun neler etdiklerini unutmaq olmaz!Biz hemiwe onlari uca tutmaliyiq.Allah ailelerine sebr versin!

  • Ahadova Alide
    Oktyabr 10, 2021 - 18:02

    Bağdagül muellime,yazan əllərinizə,yanan ürəyinizə sağlıq.Mötəbər Azərbaycan ziyalısı, ağbirçəkli bir ana,azərbaycanlı qadın kimi bizlərin hamımızın urəyindən kecən,ifadəsində cətinlik çəkdiyimiz bütün hissləri sanki duyurmush kimi bir-bir vərəqə boshaltdiginiz üçün sizə sonsuz təşəkkürlər.Butun şəhid anaları,bütün qazı anaları qarşınızda bash əyirik,bu torpaqlari siz qəhrəman anaların qəhrəman övladları aldı.Hər birimiz çalışdığımız sahədə ömrümüzün sonuna qədər sizlərə xidmət göstərməyə borcluyuq.Bir zamanlar 34 saylı məktəbin məzunu dr.Alidə.

    • Aida amirhuseynova
      Oktyabr 13, 2021 - 00:02

      Mənim əziz müəllimim,əllərinizə qurban olum.Ürəyimizdən xəbər verirsiz.Bütün şəhid ailələrinin qarşısında baş əyirəm.Bir veteran anası kimi təşəkkürlər sizə.

  • zəminə
    Oktyabr 13, 2021 - 00:36

    Bağdagül müəllimə,məqalənizi oxudum çox xoşuma gəldi.Qəlbində Vətən sevgisi olan hər bir insanın düşüncələrini,hisslərini, arzuĺarını bu məqalədə çox gözəl qələmə almısınız.Siz həmişə öź saf duyğu və məhəbbətinizlə insanlara yardımçı olmusunuz.Bu güñ də şəhid adıña, şəhid aiĺələrinə çox səmimi münasibətiniz hamıya nümunəvi bir dərsdir.Bəli, şəhid anaları- añàlarımız, şəhid balaĺarı-balalarımıźdır.Elə yaşayaq ki, şəhiďlərimizin ruhları qarşısında özümüzü həmişə üzü ağ hiss eďək
    Hal hazırda əñ aķtuaĺ məsələyə müràciət etdiyiñizə görə Sizə bir daha minnətdaram.

  • Nezaket Əliyarova
    Oktyabr 21, 2021 - 10:45

    Meqalənizi bir az gec oxudum,u
    zürlü sayın. Sizin ürəyinizə, özünüzə qurban. Kaş ki sizin kimi dəyərlilərimizdən çox olaydı. Əlinizə, ürəyinizə sağlıq. Allah şəhidlərimizin məqamını daim uca etsin. Valideynlərinə səbr versin .
    olaydı.

  • Feyza Huseynova
    Oktyabr 21, 2021 - 18:30

    Mənim ən dəyərli,qayğıkeş,sevimli Bağdagül müəlliməm,yazan əllərinizə,gözəl ürəyinizə sağlıq, çox gözəl yazmısınız.. Allah bütün Şəhidlərimizi rəhmət elesin,ailələrinə səbr versin..

  • Günay Həsənova
    Oktyabr 27, 2021 - 14:43

    Çox təsirli məqalədir. Zəngin daxilinizlə bizə həyat məktəbi olmusunuz. Çox sevdiyim müəlliməm həmişə var olun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər