Yeni Azərbaycan Partiyası bu günün, sabahın və gələcəyin partiyasıdır

767

Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasından 29 il ötür. Tarixə nəzər salsaq, görərik ki, Yeni Azərbaycan Partiyası ölkədə özbaşınalığın, xaos və anarxiyanın gökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda – 1992-ci il noyabr ayının 21-də yaradıldı. Yeni Azərbaycan Partiyası qısa zaman içində xalq arasında böyük nüfuza malik oldu, bunun nəticəsində hakimiyyətə gəldi və iqtidar partiyasına çevrildi. Ulu öndər hakimiyyətə gəlməmişdən öncə bu fikirləri söyləmişdi: “ Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz ”.

Hər birimizə məlumdur ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə, hakimiyyət uğrunda mübarizə gedirdi. Ölkə xaos və anarxiya içində idi. Belə bir ağır dönəmdə ölkənin taleyinə biganə qala bilməyən ziyalılar Naxcıvana üz tutub Heydər Əliyevlə görüşlər keçirir və Ondan bu ağır dönəmdə kömək istədilər. Həmin illər Azərbaycan üçün ən ağır dövr idi. Dövlət müstəqilliyinin qorunub saxlanılması üçün Heydər Əliyev kimi şəxsin ölkə rəhbərliyinə gətirilməsi zərurəti yaranmışdı. Azərbaycan xalqı nicat yolunu Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Azərbaycan xalqının 91 nəfərdən ibarət olan ziyalıları Naxcıvanda olan Heydər Əliyevə müraciət ünvanladılar. Bu müraciət Azərbaycan xalqının çağırışı idi. Bu çağırışda Yeni Azərbaycan Partiyasının yaradılması və bu partiyaya Heydər Əliyevin rəhbərlik etməsi xahiş edilirdi. Heydər Əliyev xalqın səsinə səs verdi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət bacara bilərdi. Bacardı da!

1992-ci il noyabrın 21-də Naxcıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Qısa zaman içində Yeni Azərbaycan Partiyası xalqın içində böyük nüfuza sahib oldu və 1993-cü il prezident seçkilərində Heydər Əliyev və onun rəhbərlik etdiyi partiya seçkilərdə qalib gəldi. Prezident seçkilərindən sonra Azərbaycan xalqı tam əmin oldu ki, hakimiyyət etibarlı əlllərdədir. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında köklü şəkildə dönüş yaratdı. Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirdi. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan olundu. Həmin ildə “Əsrin müqaviləsi” imzalandı, 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul edildi və digər mühüm əhəmiyyətli işlər həyata keçirildi. Bununla da Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu. Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyini və onun müstəqilliyinin qarantı oldu. Yeni Azərbaycan Partiyasının üzərinə düşən missiya hər bir azərbaycanlının gözü önündədir. Heydər Əliyevin xilaskarlıq missiyası ölkəmizin müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və əsaslı inkişafın təməlini qoydu. Bu gün Yeni Azərbaycan Partiyası dünyada öz sözünü deyən və çox böyük nüfuza sahib olan partiyadır. Əldə etdiyimiz uğurlar, məhz Ulu öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarının birində söyləmişdi: “Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, – o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, – onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik”

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev çox böyük uğurlar qazandı. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və ardıcıl siyasət xalqın rifahının yükssəlməsinə yönəlib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir. Yeni Azərbaycan Partiyası bundan sonra da Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə bundan sonra da böyük töhfələr verəcək. Azərbaycan xalqı bu günlərdə Qələbə sevincini yaşayır və bu Qələbə sevincini azərbaycan xalqına yaşadan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevdir. Prezident İlham Əliyevin qətiyyətli iradəsi, sərkərdəlik məharəti və müdrik siyasətinin nəticəsidir ki, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə nəticələndi. Bu şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Elmar Xəlilov, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini, Sumqayıt Dövlət Universitetinin dossenti, tarix üzrə fəlsəfə doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər