Yeni il bayramı üçün Sumqayıtda nəhəng tort kəsiləcək

1095

Bir necə gündən sonra 2014–cü il öz qədəmlərini Azərbaycana qoyacaqdır. Artıq Sumqayıtda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar bayram ab-havası hiss olunur
Şəhərdə ənənəvi keçirilən Yeni il şənliyinə hazırlıq işləri gücləndirilmiş iş rejimində davam etdirilir. Sumqayıtın mərkəzi yerlərində nəhəng şam ağacları quraşdırılmaqdadır. Şəhərin baş yolkası – ən hündür, yaraşıqlı yolka Bayraq meydanında qurulub
AzərTAc xəbər verir ki, bu il Sumqayıtda ilk dəfə olaraq şəhərin girişində də küknar ağacı quraşdırılmışdır. Hətta havaların soyuq, yağmurlu olmasına baxmayaraq şəhərin giriş hissəsinə, mərkəzi parklarına cəlb edilən xüsusi texnika və canlı qüvvə bu işləri həyata keçirir.
Bayramla bağlı mərkəzi küçələrin bir hissəsi yeni ilə uyğun olaraq işıqlandırılmış, mağazaların vitrinləri də bəzədilmişdir. Yeni il şənliyi ilə bağlı əlavə dekorasiyanın quraşdırılması və bayram meydançalarının yaradılması da nəzərdə tutulub
Şəhərdə əsl bayram əhval-ruhiyyəsi hökm sürür və görülən işlər sakinlərin ürəyincədir. Kimisi şam ağacının yanında fotoşəkil çəkdirir, kimisi isə sevincini dostları ilə bölüşür.
Dekabrın 25-dək bütün hazırlıq işlərinin yekunlaşdırılması nəzərdə tutulmuşdur. Yeni il bayramı ilə əlaqədar şəhərin baş yolkasının yanında nəhəng tort kəsiləcək və şənlik konsertlə davam edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər