Hazırda davam edən pandemiya vəziyyətinə və müharibədən çıxan yeni bir ölkə olmasına baxmayaraq Azərbaycanda vətəndaşların rifahı bu gün də dövlətin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biridir. Sosial ödənişlərin artırılması üçün böyük miqdarda əlavə vəsait tələb olunsa da dövlət vətəndaşların rifahının yaxşılaşdırılması, həssas qrupların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə davamlı olaraq bu istiqamətdə qərarlar qəbul edir.
Bu baxımdan bu günlərdə Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar mühüm əhəmiyyət kəsb edir. Bu addım əhalinin sosial cəhətdən həssas qruplarının rifah halının yaxşılaşdırılmasına yönəlmiş islahatların uğurla davam etdirilməsini təmin edəcək. Prezidentin imzaladığı yeni fərman və sərəncamlar ümumilikdə 732 min nəfəri, o cümlədən 132 min doktorant və tələbəni əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar ümumilikdə 2,1 milyondan çox şəxsi əhatə edəcək.
Ötən dövrlərdə olduğu kimi bu dəfə də təhsil işçilərinin sosial müdafiəsi də yeni sosial islahatların mühüm tərkib hissəsidir. Yeni ildən tədbiq ediləcək əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edəcək.
Artımların reallaşdırılması üçün dövlət büdcəsindən 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqları diaqnostik qiymətləndirilən müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40 faiz, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faiz artacaq.
Gənclər arasında təhsil almaq prosesinin stimullaşdırılmasına məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı yeni Fərman 132 min doktorant və tələbəni əhatə edərək.
2021-ci il yanvarın 1-dən ən azı 25 il pedaqoji stajı olan və pensiyada olan elmlər doktorları və fəlsəfə doktorları üçün aylıq Prezident təqaüdü təsis edilib. Yeni fərmana əsasən, bu təqaüd elmlər doktorları üçün 50 faiz artırılaraq 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün isə 67 faiz artırılaraq 120 manatdan 200 manata çatdırılır. Eyni zamanda doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələr üçün təqaüdlər 20 faiz artırılır.
Beləliklə, Sərəncama əsasən, gələn ilin əvvəlindən bu təqaüdlərin məbləği doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün isə 216 manat təşkil edəcək. Həmçinin cədvəldə büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda tədrisə məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də artırılacaq.
Ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat əldə edəcəklər. Təqaüdlər bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək.
Orta ixtisas təhsili müəssisələrində təqaüdün məbləği akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 90 manata, 71-100 bal olan tələbələr üçün 72 manata, 51-100 bal olan tələbələr üçün 60 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” olan tələbələr üçün 90 manata, “4” və “5” olan tələbələr üçün 72 manata, “3”-“5” olan tələbələr üçün 60 manata çatdırılacaq.
Dövlət başçısının təqaüdlərin məbləğinin artırılması ilə bağlı verdiyi Fərman və Sərəncamları Azərbaycan gəncliyinə göstərilən qayğının əyani sübutudur. 110 min tələbənin təqaüdlərinin artırılmasını nəzərdə tutan bu sərəncam ali təhsilə marağın stimullaşdırmasına, əhalinin bütün təbəqələrinin ali təhsilə çıxışının təmin edilməsinə xidmət edir.
Beləliklə deyə bilərik ki, dövlət başçısının bu tarixi qərarları Azərbaycanda elmin və təhsilin inkişafına, yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcək.
Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor