Zakir Fərəcov Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə sistemi ilə tanış olub
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi ilə tanış olub.
Son illər ərzində Prezident İlham Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğısı, eləcə də ayırdığı vəsaitlər sayəsində şəhərdə istismarı başa çatmış 310 ədəd lift yeni elektron tipli liftlərlə əvəz olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir. Şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinin fonunda sakinlərə göstərilən lift xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulurdu.
Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq yeni yaradılan intelektual idarəetmə sistemi vasitəsilə liftlərin dayanması, dayanma səbəbləri, idarəetmə stansiyasında olan ötürücülərin vəziyyəti, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa danışıq əlaqəsi sisteminin (dinamik və mikrofon) vəziyyəti, kənar şəxslərin maşın zalına icazəsiz daxil olması, sakinlər tərəfindən liftlərin istismarı qaydalarının pozulması haqqında məlumatlar quraşdırılmış xüsusi avadanlıqlar vasitəsi ilə onlayn rejimdə mərkəzləşdirilmiş intelektual idarəetmə mərkəzinə ötürülür.
Eləcə də liftin kabinəsı və maşın zalı ilə Mərkəzləşmiş Dispetçer Xidmətinin (MDX) birbaşa danışıq əlaqəsi, liftin kabinəsində əvvəlcədən yazılmış məlumat mətnin səsləndirilməsi təmin edilir.
Şəhər rəhbərinə məlumat verildi ki bu istiqamətdə quraşdırma işləri ilk olaraq pilot layihə kimi şəhərin 18 mikrorayon ərazisində aparılıb, test-sınaq işləri həyata keçirilərək müvəffəqiyyətlə başa çatdırılıb. 18 mikrorayon ərazisindəki hündürmərtəbəli yaşayış binalardakı bütün liftlərin yeni sistemə qoşulması işləri yekunlaşıb və əhalinin istifadəsinə verilib. Hazırda MDX sutka ərzində liftlərin fasiləsiz işləməsini təmin edir. Liftlərdə baş verə biləcək hər hansı nasazlıqları, təxliyyələri aradan qaldırmaq üçün dispetçer, növbətçi mexaniklərdən ibarət qəza xidməti təşkil olunub, onlar avtomobillə təmin olunublar.
Yeni elektron idarəetmə sisteminin fəaliyyəti nəticəsində sakinlərə göstərilən xidmətinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı boş dayanmaların qarşısı alınacaq, yerlərdən əlavə zənglərə ehtiyac qalmayacaqdır.
Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinlərlə görüşüb, şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, eləcə də gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən bəhs edib.
Görüşdə iştirak edən sakinlər də öz növbəsində onlara göstərilən qayğıya görə dövlət başçısına və şəhər rəhbərliyinə minnətdarlıq ediblər.
Daha sonra sakinləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.