Fevralın 5-də Sumqayıtda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
“Kimyaçı” mədəniyyət sarayında keçirilən hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov , Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ötən ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib.
2018-ci ildə ümumdaxili məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olmuşdur.
Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. İl ərzində hamısı daimi olmaqla 7000 yeni iş yeri yaradılmış, muzdla işləyən işçilərin orta aylıq əmək haqqı 500 manat həddini ötmüşdür.
Hesabat dövründə irimiqyaslı investisiya layihələrinin icra edilməsi, bir neçə iri sənaye müəssisəsinin fəaliyyətə başlaması bu göstəricilərin cari ildə daha da artacağını deməyə əsas verir. Ötən ilin iyul ayında dövlət başçısı ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında SOCAR-Polimer MMC-nin Polipropilen istehsalı zavodunun açılışında iştirak etmiş, layihəni çox əlamətdar hadisə adlandırmışdır. Kanada və Avstriya texnologiyası əsasında ildə 180,0 min ton məhsul istehsalı edəcək zavod 500 nəfər işlə təmin edilmişdir.
Cənab Prezidentin Sumqayıta noyabr ayında növbəti səfəri zamanı Kimya Sənaye Parkında İsveçrə və Türkiyə texnologiyaları əsasında 3,5 milyon dollar dəyərində 100 faizli xarici investisiya hesabına inşa edilmiş ilkin mərhələdə 40 min ton tikinti qatqıları istehsal edəcək İnşaat Kimyəviləri zavodunun, İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək, investisiya dəyəri 51 milyon dollar olan Əlvan Metallar və Ferroərintilər zavodunun və Böyük Britaniya, Almaniya, İtaliya texnologiyaları əsasında qurulan, ildə 11 milyard ədəd siqaret istehsal edəcək “Tabaterra” tütün məmulatları fabrikinin açılışlarında iştirak etmişdir. Bu müəssisələrdə 500 yeni iş yeri yaradılmışdır.
Qeyd edilməlidir ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunun bu il yanvarın 16-da ölkə rəhbərinin iştirakı ilə açılışı olmuşdur. Zavodda 500 nəfər daimi işlə təmin ediləcəkdir. Bu Sumqayıtın Müstəqillik tarixində ən böyük layihədir.
Bunlar bir daha sübut edir ki, Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi kursa uyğun olaraq reallaşdırılan sənayeləşmə siyasəti uğurla davam edir. Qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan sənayenin inkişafı, bu sahədə yeni istiqamətlərin müəyyənləşdirilməsi şübhəsiz ki, iqtisadiyyatın inkişafına mühüm töhfələr verir. Belə layihələrin icrası ilk növbədə yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına səbəb olur. Eyni zamanda idxaldan asılılığı azaltmaqla, ixracyönümlü məhsulların həcminin artırılmasına böyük təsir göstərir.
Sumqayıt Kimya Sənaye Parkında mövcud 18 rezidenti üzrə layihələrin investisiya dəyəri 3,5 milyard ABŞ dolları təşkil edir. Bunlardan 3 milyard dolları artıq layihələrə yatırılıb. Fəaliyyətdə olan müəssisələrin sayı 11-ə çatmışdır. İstehsalat və tikinti-quraşdırma işlərində 3 mindən çox işçi çalışır.
Qeyd etmək lazımdır ki, Regionların Sosial İqtisadi İnkişafının Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ümumdaxili məhsul istehsalı 2,6; sənaye məhsulu istehsalı 2,9; investisiya qoyuluşu 3,5 dəfə artmış, 32819 yeni iş yeri yaradılmışdır. 2955 yeni istehsal sahəsi fəaliyyətə başlamışdır.
Yol infrastrukturunun yaxşılaşdırılması, dəmiryol nəqliyyatının normal hərəkətinin təmin edilməsi və sərnişinlər üçün lazımi şəraitin yaradılması məqsədilə Sumqayıt şəhərində Dəmiryol Vağzalının binası yenidən inşa edilmişdir. Ölkə rəhbəri noyabr ayında Sumqayıta səfəri zamanı yeni inşa edilmiş Vağzal binasının açılışında iştirak etmiş və sərnişinlər üçün yaradılmış şəraitlə tanış olmuşdur.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 456 milyon manat olmuşdur. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 2,5 dəfə və ya 276 milyon manat artım deməkdir.
Ötən dövr ərzində ticarət dövriyyəsi 912 milyon manat olmuş, əvvəlki dövrlə müqayisədə 9 faiz artmışdır.
İqtisadi göstəricilərin artması nəticəsində yerli büdcə gəlirlərinin proqnozu 112,3 faiz, xərc isə 100 faiz icra olunmuşdur.
Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirmişdir. Mərkəzə müraciət edənlərin sayı ötən illə müqayisədə xeyli azalmış, 4952 nəfər işaxtaran kimi qeydiyyata alınmış, onlardan 2520 nəfər işlə təmin olunmuşdur. Mövsümi işlərə 1590 nəfər cəlb edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində 1005, Stansiya Sumqayıt yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış kompleksinin açılışı olmuşdur.
Hesabat ilində şəhər Prokurorluğunun yeni inzibati binasının tikintisi başa çatdırılmış, “Nizami” kinoteatrının sökülərək yenidən layihələndirilməsinə və Corat qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının tikintisinə başlanılmışdır. Məhkəmə kompleksində işlər davam etdirilmişdir. Metallurq küçəsində kompleks yenidənqurma işləri aparılmış, həmin küçədə Acı Dərə kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar 1800 p/m yeni suötrücü kanalizasiya xətti çəkilmişdir. Şəhərdə 16 küçə və yolda, 10 mikrorayon və 8 məhəllədaxili ərazilərdə ümumilikdə 555,0 min kv. metr asfalt örtüyü, 14200,0 p/m beton, 748,0 p/m qranit bardür dəyişdirilmişdir.
Ötən dövrdə 100 yaşayış binasının dam örtüyü metal kirəmitlə əvəz edilmiş və 68 yaşayış binasında işlər davam etdirilir. Ümumilikdə son illərdə 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuşdur.
Nəriman Nərimanov, Azərbaycan küçələrinin 1, 18 və 19-cu məhəllələrində 6 yaşayış binasının fasadı aqlay daşı ilə üzlənmiş, 2 binada isə işlər aparılır. Keçirilən yaşıllaşdırma aylıqlarında 100 mindən çox ağac, dekorativ kol, 200 minə yaxın mövsümi və 250 mindən çox dekorativ güllər əkilmişdir.
Əhalinin su ilə təminatı sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, 200 binanın zirzəmisində 1800 p/m su xətti dəyişdirilmiş və təmir olunmuşdur. Məhəllədaxili su şəbəkələrində 2100 p/m yeni su xətti çəkilmiş, 5400 p/m su xətti təmir edilmişdir.
Mövsüm ərzində əhalinin istiliklə təminatı və xidmətin keyfiyyətini artırmaq məqsədi ilə 8 qazanxanada, həmçinin 102 binanın aşağı paylama sistemində təmir bərpa işləri aparılmış,18-ci mikrorayonda 24 yaşayış binasında 1110 mənzili istiliklə təmin edən yeni qazanxana istifadəyə verilmişdir.
Mövsüm ərzində fəaliyyətdə olan 24 qazanxana vasitəsilə 263 yaşayış binası, 30 orta məktəb, 17 səhiyyə və 21 digər obyektlər fasiləsiz olaraq istiliklə təmin olunur.
Hesabat dövründə lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə, əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 105 lift yenisi ilə əvəz olunmuşdur. Ümumilikdə son illər 367 lift yenisi ilə əvəz olunmuşdur.
Ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarılmış, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan 206 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılmış, müasir tipli yeni dayanacaqların quraşdırıl¬ması işləri davam etdirilmişdir.
Sumqayıt şəhərində təhsilə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıt şəhərində 1176 şagird yerlik yeni məktəb binasının tikintisi şəhərin təhsilinə ən böyük töhfədir.
Qəbul imtahanlarında iştirak etmiş məzunların 77,1 faizi tələbə adını qazanmışdır ki, bu da ötən illə müqayisədə 8 faiz yüksəkdir. Məzunların 211 nəfəri 600-dən yuxarı, 2 nəfər 700 bal toplamış, 7 nəfəri “Prezident təqaüdünə” layiq görülmüşdür.
Şəhər rəhbərliyinin diqqət və qayğısı ilə məktəbəqədər təlim-tərbiyə müəssisə¬lərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə xeyli iş görülmüş, avadanlıq və inventarlarla təchizat yaxşılaşdırılmış, istilik sistemi tam bərpa olunmuş, bütün uşaq bağçaları isti su ilə təchiz edilmiş, ərzaq təminatı ciddi nəzarətə götürülmüşdür.
İil ərzində tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması istiqamətində şəhər əhalisinə göstərilən tibbi xidmətin keyfiyyətinin ar¬tırılması sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Yeni avadanlıqlar alınmış, dər¬man vasi¬tələrinin mərkəzləşdirilmiş qaydada təchizatı yaxşılaşdırılmışdır.
4 nömrəli şəhər poliklinikası və 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı, Təcili Tibbi Yardım Stansiyası, 4 nömrəli şəhər xəstəxanası,1 nömrəli uşaq poliklinikası, uşaq stamatoloji poliklinikası və səhiyyə şöbəsinin inzibati binasında cari təmir işləri aparılmışdır. Bu ilin yanvar ayında 2 nömrəli şəhər xəstəxanası əsaslı təmirə bağlanmış, hazırda xəstəxananın şöbələri digər tibb müəssisələrinə köçürülür.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Sumqayıt şəhərində ötən ilin fevralın 15-dən mayın 15-dək 234 min şəhər sakini tibbi müayinədən keçmişdir.
Mədəniyyət sahəsində ötən ilin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi olmuşdur. Bu münasibətlə dövlət başçısının sərəncamları ilə teatr sənətinin inkişafında xidmətlərinə görə bir qrup şəxs “Əməkdar artist” fəxri adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif edilmişdir.
İdman obyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər idmançıları yarışlara daha həvəslə hazırlaşmağa sövq etmişdir. İl ərzində şəhər idmаnçılаrı respublika və bеynəlхаlq səviyyəli yаrışlаrdаn 326 qızıl, 234 gümüş, 367 bürünc mеdаl olmaqla, ümumilikdə 927 mеdаl əldə еtmişlər.
Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çıxışlar dinlənilib. Çıxışlarda 2018-ci ildə görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Zakir Fərəcov hesabat verdi – 2018-ci ildə Sumqayıtda hansı uğurlar əldə olunub? - FOTO (VIDEO)
•
4337