Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə qadınları təbrik edib.
Təbrikdə deyilir:
“Əziz qadınlar!
Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti və uğurlar arzulayıram.
Azərbaycan qadınları tarixin bütün mərhələlərində öz şücaəti, zəkası, cəsurluğu və möhkəm iradəsi ilə yalnız ailədə deyil, ictimai həyatda da xüsusi fəallıq göstərmiş, öz milli xüsusiyyətlərini, sədaqətliliyini, ülvi hisslərini qoruyub saxlamışlar.
Ölkəmizin sosial,mədəni, siyasi və iqtisadi cəhətdən dinamik inkişafı Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması, öz potensialını reallaşdırması, eləcə də ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradır. Hazırda ölkəmizdə elə bir fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasınlar və uğur qazanmasınlar.
Sumqayıtın sosial-iqtisadi, ictimai və mədəni həyatında da qadınlar hər zaman fəal iştirak edərək şəhərin inkişafına öz töhfələrini vermişlər. Bu gün də Sumqayıt şəhərində baş verən bütün yeniliklər, inkişaf məhz qadınların iştirakı ilə reallaşır.
Bayramınız mübarək olsun, əziz qadınlar!“