2 Fevral – Gənclər Günü Sumqayıt şəhərində də qeyd olunub. Şəhər gəncləri əvvəlcə ümummilli liderin şəhərin Heydər parkında ucalan abidəsini, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtlı gəncləri təbrik edərək, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Qeyd olunub ki, dövlətin gənclər siyasətinin əsas istiqamətləri gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların göstərilməsidir.
Şəhərin fəal gəncləri çıxışlarında ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla həyata keçirən ölkə rəhbərinin ardıcıl səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl və sürətlə inkişaf edən ölkəsinə çevrildiyini, göstərilən hərtərəfli diqqət və qayğının onlarda böyük ruh yüksəkliyi yaratdığını qeyd ediblər.
Sonda şəhərin ictimai həyatında, təhsil və idmanda nailiyyətlərə imza atan bir qrup gəncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Tədbir bayram süfrəsi arxasında konsert proqramı ilə davam edib.