Bir vaxtlar Sumqayıt Şəhər İcra Hakimiyyəti binasının simvollarından hesab olunan yaşıl örtük yenidən bərpa olunur.
Bu barədə Moderna.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib. O bildirib ki, İcra Hakimiyyəti binasının yaşı örtüyünün bərpası ilə bağlı təşəbbüs şəhərin hazırkı rəhbəri Zakir Fərəcovdan gəlib:
“İcra Hakimiyyətinin binası əvvəl yaşıllığa bürünmüşdü. Amma sonradan həmin yaşıllıq məhv oldu. Hazırkı şəhər rəhbərliyinin təşəbbüsü ilə həmin yaşıllıq bərpa olunur. İcra başçısı elə yeni təyinat aldığı vaxtdan bu təşəbbüsü irəli sürmüşdü. Amma müəyyən səbəblərdən sarmaşığın bitməsi gec alınırdı. Hazırda sarmaşıqların əkilməsi effekt verməyə başlayıb və bitki böyüyür. Müəyyən vaxtdan sonra bina əvvəlki görkəminə qayıdacaq”.
E.Qocayev deyib ki, Sumqayıt sakinləri binanı məhz bu cür görmək istəyirlər:
“Onu da qeyd edim ki, Sumqayıt sakinləri binanı yaşıllığa bürünmüş formada o cür sevirdilər, onlara maraqlı gəlirdi. Elə ona görə də rəhbərlik bu təşəbbüsü irəli sürdü”.
Xatırladaq ki, 1958-ci ildə tikilib istifadəyə verilən binada Sumqayıt şəhər Partiya Komitəsi və şəhər xalq Deputatları Soveti İcraiyyə Komitəsi yerləşib. İnşaşat işləri başa çatdıqdan sonra – 1950-ci illərin sonları, 1960-cı illərin əvvəllərində binanın birinci mərtəbəsinin həmişə nəmli olduğu müşahidə edilib. Bu, Xəzər dənizindən əsən duzlu şimal küləyi ilə əsaslandırılıb.
Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri Kamal Axundovun dövründə bu problemi həll etmək məqsədilə binanın ön hissəsində perimetr boyu Tatarıstanın Kazan şəhərindən gətirilmiş xüsusi “daş sarmaşıqları”, “plyuş” kolları əkilibş Nəticədə ümumi fasad tam yaşıl sarmaşıqla örtülüb. Uzun müddət yaşıl libasa bürünmüş şəhər İcra hakimiyyətinin inzibati binası Sumqayıtın gözəl memarlıq nümunəsi kimi hətta respublikadan kənarda da tanınıb.
“Yaşıl bina”nın sarmaşıqları 2010-cu ildə həmin vaxt icra başçısı olan Vaqif Əliyevin dövründə hissə-hissə saralmağa başlayıb və az sonra örtük binadan götürülüb. Həmin vaxt bu hadisə ictimaiyyət arasında, xüsusilə də mətbuat və sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrildi. O vaxt şəhər İcra Hakimiyyətinın açıqlamasında sarmaşığın ömrünü – vegetasiya dövrünü başa vurduğu üçün quruduğu bildirilmişdi.