Sumqayıtda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib.
Əvvəlcə Sumqayıt Dövlət Dram Teatrının foyesində şəhərin yaradıcı uşaqlarının əl işlərindən ibarət sərgiyə baxış olub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.
Qeyd olunub ki, qəbul imtahanlarında iştirak edən 2256 nəfər abituriyentdən 1739 nəfəri uğurlu nəticə göstərərək tələbə adını qazana bilmişdir. Beləliklə də, şəhər üzrə 77,1% təşkil etmişdir. Qeyd etmək lazımdır ki, bu ölkə üzrə ən yaxşı qəbul faizi olmaqla yanaşı, son illərin də ən yüksək göstəricisidir.
Qəbul imtahanlarında iştirak edən məzunların (I-IV qruplar üzrə) 461 nəfər, yəni məzunların 21%-i 500-dən, o cümlədən 211 nəfər, yəni abituriyentlərin təxminən 10%-i 600-dən yuxarı bal toplaya bilmişdir. Ötən illə müqayisədə 600-dən çox bal toplayanların sayı 44 nəfər, yəni təxminən 43% artmışdır. Həmçinin 500-700 intervalında bal toplayan şəhər abituriyentlərinin sayı 461 nəfərə çatmışdır ki, bu da ötən illə müqayisədə 50 nəfər çoxdur.
Çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.
Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə qiymətli hədiyyələr, qabaqcıl müəllimlərə isə fəxri fərmanlar verilib.