Zəfər tariximiz-Azad Qarabağ!

429

Vətənpərvərlik xalqın milli-mənəvi dəyələrini səciyyələndirən, xalqın həyatında başlıca meyar və xarakter kimi formalaşan keyfiyyətdir.Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir.
Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi bir an olsun belə, diqqətdən kənarda qalmadı. Ölkəmizin bu istiqamətdə mövqeləri gücləndi, ərazi bütövlüyümüz nüfuzlu qurumların rəsmi qərarlarında bir daha əks olundu. Xalq öz liderinə, onun güclü siyasətinə arxalanaraq yumruq kimi birləşdi, ədalət savaşına qalxdı. Öz haqqını, ədalətini dünyaya çatdıranların və bu yolda irəli addımlayanların zəfər qazanması isə labüd idi.
27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı olan İkinci Qarabağ savaşı Azərbaycanın hünər və rəşadət tarixidir. Qısa zaman kəsiyində qələbə ilə nəticələnən bu savaş tarixin səhifələrində əbədi anılacaq.
Azərbaycanın ərazisi bütövlüyünü təmin edən 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti,eləcə də rəşadətli Azərbaycan Ordusunun torpağa bağlılıq təcəssümü kimi qələbəmizin qazanılmasında misilsiz rol oynadı.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ordusunun gücü və əzmi imkan yaratdı ki, 30 ildə itirilmiş ərazilər tamamilə azad olunsun və status-kvo kökündən dəyişsin. Bu savaş təkcə ölkəmizin hərbi- siyasi həyatı üçün deyil, həmçinin beynəlxalq təhlükəsizliyin təmini üçün də müsbət nəticələndi.
Hər zaman Azərbaycanın haqlı mövqeyini və ədalətli çıxışını dəstəkləyən qardaş Türkiyə bu dəfə də ölkəmizin çətin durumunda mənəvi dəstəyini və qardaşlığını əsirgəmədi. Azərbaycan xalqı Türkiyənin mənəvi dəstəyini, etibarlı tərəfdaşlığını, regionda sülhün, sabitliyin, tərəqqinin qaçılmaz olduğunu bir daha hiss etdi. Bu dostluq və qardaşlıq yalnızca Ermənistana deyil, həmçinin onun havadarlarına, mənfur düşməni müdafiə edənlərə bir mesaj oldu.
Qalib Sərkərdə kimi tarixə yeni səhifə açan Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi son dərəcə müdrik, balanslaşdırılmış siyasət və torpağın hər qarışına qanını qatmaqla irəliyə addımlayan qüdrətli Azərbaycan Ordusu mənfur düşmənin illərlə həyata keçirdiyi təcavüzkar, məkrli planları alt-üst etdi.
İşğaldan azad olunma tarixinin başlanğıc nöqtəsi 2020-ci il 27 sentyabrdan başlayaraq noyabrın 8-də- Qarabağın “Zümrüd tacı” sayılan Şuşanın azad olunması ilə-tarixdə qısa müddətə qazanılmış“Zəfər Günü” kimi həkk olunan bu savaşda müasir dövlətçilik siyasətinin müdrik və uzaqgörən strateqi Ümummilli lider Heydər Əliyev irsi və ata vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandan İlham Əliyev imzası dayanır.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat imzalandı. Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 

Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar:

  • Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndləri qan tökülmədən qaytarıldı;
  • 2021-ci il iyunun 15-də Azərbaycanla qardaş Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı;
  • Sərhədlərin delimitasiyasıilə bağlı müvafiq komissiyalar yaradıldı;
  • 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi  quruldu və bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu;
  • 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu;
  • işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması üçün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanıldı.

Qələbə sevincinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış” ın təmin olunması ölkəmizin əsas prioritetlərindən biri oldu. Regionun lider dövləti olan Azərbaycan bu torpaqlarda həyatı canlandırmağa başladı.
Azad olan kəndlərimizə, qəsəbələrimizə, şəhərlərimizə yeni həyat, yeni nəfəs gəldi. Qarabağda müqəddəs bayrağımız dalğalandıqca qəlbimiz daima qürur hissi ilə coşub-daşır.
Müasir dünyanın iqtisadi, siyasi, mədəni arenasında kifayət qədər uğurlara imza atan Azərbaycan hal-hazırda öz torpağının cəsur müdafiəçisidir.Bütöv Azərbaycan kəlməsinin tam haqqını ödəyən lider ölkədir. Azərbaycan Ordusunun göstərdiyi şücaət dünya hərb tarixinin, bəlkə də, çox nadir halda qarşılaşacağı bir qətiyyətdir.

Xəyalə Həmzəliyeva, Sumqayıt şəhər Evdə Fərdi Təhsil məktəbinin müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər