Zəngəzur dəhlizi regionda yeni əlverişli imkanlar yaradacaq

787

Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkərək bildirmişdir ki, vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır.
Vətən müharibəsində qələbəmizin ən mühüm nəticələrindən biri də ölkə başçısının 12 il öncə Zirvə görüşündə vurğuladığı və bu gün ən çox müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Əlbəttə ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə, Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatda Zəngəzur dəhlizi məsələsinin əks olunması bizim böyük siyasi qələbəmizdir.
Ölkə başçısı bu günlərdə Azərbaycan Televiziyasına müsahibəsində bir daha bəyan etdi ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi regionunda yeni reallıqlar yaratdı. Bu gün həmin reallıq ölkəmiz, eləcə də bir çox ölkələr üçün geniş imkanlar açır. Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyətinin göstəricilərindən biri də məhz bu məsələnin media tərəfindən diqqətdə saxlanılmasıdır. Bu gün istər regional, istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və hətta Çin kütləvi informasiya vasitələrində Zəngəzur dəhlizi ilə bağlı məlumat və analitik materiallara rast gəlirik.
Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçərək ölkəmizin əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat dəhlizi regionda olduqca böyük imkanlar yaradacaq.

  • Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək;
  • Dəhliz türk dünyasını birləşdirən yeni körpü rolunu oynayacaq;
  • Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə şərait yaradacaq və region ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri daha da stimullaşdıracaq;
  • Bu marşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə yükdaşımaları asanlaşdıracaq;
    Ölkəmizin Türkiyə ilə, eləcə də digər ölkələrlə ticarət dövriyyəsini daha da artıracaq;
  • Zəngəzur dəhlizinin yaradılması Avrasiyanın nəqliyyat şəbəkəsinin imkanlarını daha da genişləndirəcək, bölgə ölkələri arasında iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək;
  • Şərq-Qərb dəhlizinin tərkib hissəsi olaraq Asiyanı Avropa ilə birləşdirəcək;
  • Layihə eyni zamanda xalqlar arasında mədəni əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək;

Beləliklə, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Bütövlükdə region üçün mühüm əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılması sosial-iqtisadi faydalılığı ilə yanaşı eyni zamanda regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək.

Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər